Burkina-Fasoda dinc məqsədli nüvə elektrik stansiyasının inşası üçün Rusiya ilə saziş imzalanıb.
“İki sahil” xəbər verir ki, sazişi Sankt-Peterburq şəhərində başa çatan beynəlxalq iqtisadi forum çərçivəsində Burkina-Fasonun energetika və mədənçilik naziri Yakuba Zabri Gouba və Rusiyanın “Rosatom” şirkətinin baş direktoru Aleksey Lixachev imzalayıblar.
Burkina-fasolu nazir bu sazişi stansiyanın inşasına aparan yolda əsas addım kimi qiymətləndirib və bildirib ki, Rusiya şirkətinin təqdim edəcəyi texniki və maliyyə əsaslandırması hökumət tərəfindən nəzərdən keçiriləndən sonra layihənin texniki və maliyyə tərəfləri üzrə danışıqlar baş tutacaq.
“Rosatom” isə bildirib ki, zəruri texniki, normativ və insan resursları şərtləri yerinə yetirildiyi təqdirdə, Burkina-Fasoda 5 il ərzində nüvə enerji bloku inşa edə bilər.
Şirkət layihənin uğurunun Burkina-Fasonun insan resursları və infrastruktur da daxil olmaqla bir sıra sahələrdə hazırlıq səviyyəsindən asılı olduğunu vurğulayıb.
Xatırladaq ki, Burkina-Fasonun keçid dövrü prezidenti İbrahim Traore 2023-cü ilin iyul ayında ölkəsinin enerji mənbələrini şaxələndirmək məqsədilə dinc məqsədli nüvə stansiyası tikmək üçün Rusiya ilə əməkdaşlıq etmək niyyətində olduğunu açıqlamışdı.