22 iyun 2025 13:31
144

İsveçdə onilliklər ərzində civə və minlərlə mərmi yığılmış göl təmizləyəcək

Kirunada yerləşən Ala Lombolo gölü İsveçin ən çirkli su hövzələrindən biri hesab olunur.

“İki sahil” xəbər verir ki, onun dibində köhnə stomatoloji klinikadan və “LKAB” mədən şirkətindən qalan civə çöküntüləri, həmçinin 1950-ci illərdə İsveç hərbçiləri tərəfindən atılan 17 mindən çox mərmi var.

Çirklənmənin 1969-cu ildən əvvəl baş verdiyinə və bunun heç kimin qanuni məsuliyyət daşımadığına baxmayaraq, “LKAB” şirkəti könüllü olaraq Ala Lombolonun çimərlik statusunu bərpa etmək üçün gölün təmizlənməsini maliyyələşdirməyə qərar verib.

“Hazırda göl toksik deyil, lakin həddindən çox qida maddələri və lildə birləşən civə, xüsusən də hər hansı hərəkət nəticəsində gölün dibinə müdaxilə olunarsa, ətraf mühit üçün təhlükə yarada bilər”, - deyə “LKAB”ın ətraf mühit şöbəsinin rəhbəri Liselott Olausson bildirib.

“LKAB” çöküntüləri yumşaq şəkildə çıxarmaq üçün xüsusi avadanlıqdan istifadə etməyi planlaşdırır. Daha sonra onlar quruda emal ediləcək - su dondurulacaq və çirkləndiricilərdən ayrılacaq. Çöküntünün daşınması üçün 400-dək yük avtomobilinin lazım olacağı təxmin edilir.

Təmizləmə işləri 2027-ci ilədək başlamayacaq. Layihənin dəqiq dəyəri isə hələlik məlum deyil.

Ətraf Mühitin Mühafizəsi Agentliyinin (Naturvårdsverket) məlumatına görə, İsveçdə 85 mindən çox çirklənmiş sahə var, lakin onların az hissəsi su obyektləridir. Səbəb tədqiqatların yüksək qiyməti və texniki mürəkkəbliyidir.