05 iyul 2025 14:41
125

BMT-nin İqtisadi və Sosial Komissiyası Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlıdır

Azərbaycan Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) İcraçı katibi Armida Salsiah Aliscahbanla görüş keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, görüş zamanı səhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış strukturları, həmçinin UNESCAP ilə səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, Azərbaycan 1992-ci ildə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına üzv olub və bu müddət ərzində UNESCAP-a üzv əksər dövlətlərlə yüksək səviyyədə ikitərəfli əlaqələr qurulub.

UNESCAP-ın, xüsusilə nəqliyyat, rəqəmsallaşma, enerji sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün vacib platforma olduğunu bildirən səhiyyə naziri ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

UNESCAP-ın İcraçı katibi 2023-cü ilin noyabrında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümündə Azərbaycanda Zirvə görüşünün keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb. Azərbaycanın Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığın qurulmasında maraqlı olduğunu bildirən Armida Salsiah Aliscahban qeyd edib ki, UNESCAP təşkilata üzv ölkələrdə rəqəmsal səhiyyə və səhiyyənin inkişafına töhfə verəcək.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.