11 iyul 2025 22:47
109

Şəhidlik zirvəsindən ucalan igid

Əkrəm Abdullayev doğma Azərbaycana, öz millətinə ürəkdən bağlanmışdı.  44 günlük haqq savaşımızda Vətən,  torpaq uğrunda canından keçməklə daxilindən gələn ilahi sevgisini  sübut etdi. Yağıya qarşı son nəfəsə qədər  qəhrəmanlıqla döyüşərək  ömrünün 22-ci ilində  əbədi olaraq yaddaşlara köçdü.

 30 il düşmənə əsir düşən müqəddəs yurd yerimiz olan  Qarabağımızın azadlığı naminə tarix yazıb şəhidlik zirvəsinə ucalan Əkrəm  Azad oğlu Cəlilabad rayonunun Qarakazımlı kəndində doğulub boya-başa çatıb. O,  özünü bilən gündən həyatın mənasını xalqına layiqlı xidmətdə, yurduna halal sevgidə görüb.  Həm də erməni dığaların Qarabağımızın işğalı Əkrəmı çox düşündürüb. Elə  Vətən sevdalısı 2017-ci ildə yağıdan qisas almaq üçün  ordu  sıralarına gedib.

Əkrəm Abdullayev cəbhə bölgəsində Vətən, torpaq  keşiyində  ayıq-sayıq dayanıb. Nümunəvi xidməti, mərdliyi, doğma Azərbaycana sədaqəti  hərbi hissədən ona hörmət qazandırıb.  Qatıldığı təlimlərdə həmişə cəsarətlə, ağılla  hərəkət edib, döyüş meydanında düşməndən qisas almaq məqsədilə hərbin sirlərinə böyük həvəslə yiyələnib. Həmişə də deyib ki, nəyin bahasına olursa-olsun Qarabağımızı tezliklə mənfur düşməndən azad etməliyik.  Yoxsa, gələcək heç vaxt bizi bağışlamaz.  Məqam gəlsə, mən bu müqəddəs yolda canımdan belə keçməyə hazıram.

Vətən torpağı  düşmən tapdağında qalan Əkrəm əsgərlikdən sonra heç cür evdə, dalda-bucaqda gün keçirməyi vicdanına sığışdıra bilməyib.  2019-cu ildə yenidən orduya qayıdıb və  Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə MAHHXHQ əsgər  kimi  Azərbaycanın keşiyində durub. Vətən Müharibəsi başlayanda birincilər sırasında səngərdə yerini alıb, düşmənə qarşı sonsuz nifrətlə  döyüşüb.  Qəlbində Vətənə məhəbbəti aşıb-daşan Əkrəmin yağıya vurduğu zərbələr gündən-günə artıb. Erməni dığaların kabusuna çevirməklə neçə-neçə  ağır sınaqlarda zəfər qazanıb. Çoxlu düşmən yaraqlısını məhv etməklə çiyin-çiyin vuruşduğu yoldaşlarda qələbəyə inam yaradıb.  İgid  döyüşçü Cəbrayılın, Füzulinin, Qubadlının azad edilməsi uğrunda gedən ölüm-dirim savaşlarda əsl rəşadət nümunəsini göstərib.  29 oktyabr 2020-ci ildə Laçında Vətənə tuşlamış düşmən gülləsini öz sinəsi ilə alan yerdə  şəhadətə qovuşub. Şərəfli ölümü ilə  xalqın qəlbində özünə əzəmətli abidə  ucaldan Cəlilabadın Vətən qeyrətli  oğlu  Əkrəm Abdullayev ölümündən sonra "Vətən uğrunda", Füzulinin və  Qubadlının azadlığına görə  medalları ilə təltif edilib.

 Bəli, Əkrəm qısa bir ömür yaşadı. Qaldı ki, nəsibi şəhidlik zirvəsindən boylanmaq səadəti olduğuna görə o, xalqı üçün qəhrəmanlıq simvoluna  döndü.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü