11 iyul 2025 22:29
151

İkitərəfli müzakirə formatını qorumaq səyləri öz bəhrəsni verdi - Tarixi Əbu-Dabi görüşü

Zaur İbrahimli: Əbu-Dabi müzakirələri Prezident İlham Əliyev diplomatiyasının məharətini, ustad səviyyəsini bir daha nümayiş etdirdi.

İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbə ilə yeni reallıqlar yaradan, Cənubi Qafqazda etimad mühiti və dayanıqlı sülhün bərəqərar olması üçün ciddi addımlar atan, Ermənistanla münasibətlərin normallaşdırılması xüsusunda sülh müqaviləsinin əsasını təşkil edən beş prinsipləri, eləcə də sənədin mətnini tərtib edərək rəsmi İrəvana təqdim edən Azərbaycan daim regionda sülh təşəbbüslərinin müəllifi olub.

Hazırda Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşıb. İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş regionun tarixində yeni bir mərhələnin başlanğıcı və sülhə doğru atılan mühüm və tarixi addım kimi dəyərləndirilir.

Azərbaycan Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair yaydığı məlumatda qeyd olunub ki, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib. Eləcə də bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan isə “Teleqram” kanalında yazıb ki, ölkəsi Əbu-Dabi görüşünü uğurlu hesab edir və təsdiqləyir ki, bu, sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi səbəb ola bilər.

Zəngəzur dəhlizinin açılması məsələsində mövqelər kifayət qədər yaxınlaşıb

Siyasi şərhçi Zaur İbrahimli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bu danışıqlarla bağlı fikirlərini bölüşüb. Onun sözlərinə görə, ehtimal etmək olar ki, Zəngəzur dəhlizi və regional kommunikasiyaların açılması, dövlət sərhədlərinin delimtasiya və demarkasiyası, ATƏT-in Minsk qrupunun fəaliyyətinə son verilməsi, sülh müqaviləsinin imzalanması, rəsmi İravanın bu istiqamətdə görməli olduğu işlər, Ermənistanın Türkiyə ilə əlaqələrinin bərpası ilə əlaqədar tərəflərin ümumi yanaşması çox yaxındır, yaxud fikir ayrılıqları artıq o qədər ciddi deyil. Bu, o deməkdir ki, artıq Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycanın və Ermənistanın mövqeləri kifayət qədər yaxınlaşıb. Hal-hazırda konkret detallar və texniki məsələlər müzakirə olunur. Bu isə olduqca əhəmiyyətli bir irəliləyişdir. 

Prezident İlham Əliyevin ikitərəfli təmaslara
üstünlük verən mövqeyi və 5 əsas prinsipə əsaslanan
təşəbbüsü özünü doğrultdu. 

Z.İbrahimliyə görə, xüsusilə bu görüş göstərdi ki, Prezident İlham Əliyevin ikitərəfli təmaslara üstünlük verən mövqeyi və 5 əsas prinsipə əsaslanan təşəbbüsü özünü doğrultdu. Nəticədə, bu istiqamətdə real nəticələr əldə olunmağa başlayıb. Zəngəzur dəhlizi ilə bağlı ekspertlər səviyyəsində müzakirələr davam edəcək və daha sonra bu məsələ siyasi rəhbərlik səviyyəsində dəyərləndiriləcək.  Bu vaxta qədərki təcrübə deməyə əsas verir ki, necə ki, sərhədlərin demilitasiyası və demarkasiyası ilə əlaqədar bu razılaşmalar əldə olundu və həyata keçirildi, o qaydada da sülh müqaviləsi imzalanmadan nəqliyyat məsələləri ilə əlaqədar ayrıca razılaşma əldə etmək mümkündür.

...Ermənistan Azərbaycanla razılaşdırdığı “yol xəritəsi” üzrə hərəkət edəcək

Ehtimal etmək olar ki, Ermənistan Azərbaycanla razılaşdırdığı “yol xəritəsi” üzrə hərəkət edəcək. Əsas məsələ hazırda Minsk qrupunun fəaliyyətinə son verilməsi ilə əlaqədar addımlaırn razılaşdırılmasıdır. Bu məsələ ilə bağlı artıq bu günlərdə real addımlar atılmalı, mövqelər tam razılaşdırmalıdır ki, artıq dekabrda ATƏT-in konfransında qərar qəbuluna nail olmaq mümkün olsun. Daha sonra Zəngəzur dəhlizi ilə əlaqədar Ermənistan real iş görməlidir, detallar razılaşdırılmalı və sonra razılaşma rəsmiləşdirilməlidir. Bunun ardından Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı təşəbbüslər ola və bu proseslərə paralel olaraq sülh sazşinin mətni paraflana bilər.

Azərbaycanın təklif etdiyi tarixi fürsət

Siyasi şərhçi qeyd etdi ki, Əbu-Dabi müzakirələri Prezident İlham Əliyev diplomatiyasının məharətini, ustad səviyyəsini bir daha nümayiş etdirdi. Ermənistan Azərbaycanın sülh gündəliyini qəbul etdi. Rəsmi Bakının ikitərəfli müzakirə formatını qorumaq səyləri öz bəhrəsini verdi. Azərbaycanın bu təşəbbüsləri Ermənistan üçün də geniş imkanlar açır, ölkə kommunikasiya dalanından çıxır, regional layihələrə qoşulmaq fürsətləri yaranır, bölgədə dayanıqlı sülh üçün möhkəm zəminlər formalaşır. Ermənistan özünün müstəqil gələcəyini təmin etmək istəyirsə növbəti dəfə Azərbaycanın təklif etdiyi tarixi fürsəti əldən verməməlidir.

Zahid Rza, “İki sahil”