Biz tarixi qaynaqlara diqqət etdikdə, görkəmli Azərbaycan filosofu Şəms Təbrizinin əsl həqiqəti təsdiq edən bir ifadəsi ilə qarşılaşırıq. O, “Bəxt, tale, qismət, alın yazısı deyilən bu amillərin olmadığını” qeyd edərək, sonda “Hər kəs öz bəxt, tale, qismət, alın yazısını öz düşüncəsi və əməlləri ilə yazır” ifadəsi ilə təsdiq edir.
Biz Əli Qəhrəmanovun bu monoqrafiyasının da, ömrünün 80 ilinin 52 ilindən artıq bir dövrünü elmə, Naxçıvan teatrının yaranması və inkişafının tədqiqinə həsr etdiyini qeyd etməklə, bu istiqamətdə 2 kitab, 8 monoqrafiya, eləcə də elmi jurnallara və məcmuələrdə 200-dən yuxarı elmi və çoxsaylı mətbu orqanlarında müəllifi olduğunu elmi-publisist məqalələrin şahidiyik.
Bu baxımdan Əli Qəhrəmanovun “Naxçıvan teatrında rəssam işi” monoqrafiyası qədim Naxçıvanın teatr sənətinin tədqiqində xüsusi elmi əhəmiyyət kəsb edir. Müəllif monoqrafiyanın “Giriş” hissəsində 1882-ci ildə Eynəli bəy Sultanovun rəhbərliyi ilə “Ziyalılar cəmiyyəti”, 1883-cü ildə “Müsəlman (şiə) İncəsənəti və Dram Cəmiyyəti”nin təşkil olunduğunu qeyd edir. Bu prosesdə maarifçi ziyalılar Eynəli bəy Sultanov, Qurbanəli Şərifzadə, Məhəmmədtağı Sidqi kimi digər teatr sənətini ortaya qoyan görkəmli şəxsiyyətlərdən geniş bəhs etməklə, xeyli tarixi faktlar üzə çıxarır.
Monoqrafiyanın “XIX əsrin sonu XX əsrin əvvəllərində Naxçıvan teatrında rəssamlıq sənət (1883-1920)” adlı I fəslində XX əsrin ilk illərinədək M.F.Axundovun “Müsyö Jordan və dərviş Məstəli şah”, “Molla İbrahim Xəlil Kimyagər”, “Hacı Qara”, E.Sultanovun “Tatarka”, C.Məmmədquluzadənin “Çay dəstgahı”, N.Vəzirovun “Ev tərbiyəsinin bir şəkli”, Ə.Haqverdiyevin “Dağılan tifaq” kimi, yerli müəlliflərin də əsərlərinin tamaşaya qoyulduğunu elmi faktlar əsasında ortaya çıxarır.
Bunun davamı olaraq müəllif 1915-ci ildə Tiflis Rəssamlıq Məktəbini bitirib Naxçıvana qayıdan Bəhruz bəy Kəngərlinin teatr dekorları hazırlamasını, görkəmli azərbaycanlı rəssamlar – Əzim Əzimzadənin satirik əhval-ruhiyyəli qrafik işlərini, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Qəzənfər Xalıqov, Elbəy Rzaquliyev, Tağı Tağıyev kimi rəssamların teatr sənətindəki fəaliyyətlərinə aydınılıq gətirir. Bununla bərabər müəllif, Naxçıvan mədəni mühitində yer alan tanınmış və ali rəssamlıq məktəblərində təhsil almış rəssamlardan Adil Qazıyev, Şamil Qazıyev, Məmməd Qasımov, Əyyub Hüseynov kimi xeyli rəssamların da Naxçıvan teatrında tamaşalara gətirdiyi yeniliklərdən nümunələr göstərir.
XX əsrin ilk onilliyində, milli səhnə rəsmlərinin təşəkkülündə ilk akademik rəsm üslubunu səhnəyə gətirən və realistik əsərləri ilə novatorluğa yol açan Azərbaycan rəssamı Bəhruz bəy Kəngərlinin fitri istedadına da toxunan müəllif, onun yaradıcılığını elmi faktlarla aydınlaşdırır. Burada Naxçıvan teatrının yaradıcılarından olan Eynəli bəy Sultanov və Cəlil Məmmədquluzadənin köməkliyi ilə onun, 1910-cu ildə Tiflis şəhərindəki Zaqafqaziyanın yeganə Rəssamlıq Məktəbinə daxil olması, rəssamlıq sənətinin incəliklərinə yiyələnməsi məsəllərinə də toxunur. Bununla bərabər müəllif, Bəhruz Kəngərlinin milli səhnəqrafiyanın bünövrəsini qoyanlardan biri və milli xalq geyimlərinin misilsiz bilicisi olduğuna da yetərli elmi faktlarla əsaslandırır.
Əsərin “Naxçıvan teatrında Bəhruz bəy Kəngərli bədii irsinin davamçıları (1921-1940)” adlı II fəslində isə Bəhruz Kənkərli məktəbinin yetirməsi, rəssamın layiqli davamçıları Adil Qazıyev, Şamil Qazıyev, Nağı Nağıyevin bədii tərtibatında 20 il müddətində teatr səhnəsindəki yüzdən yuxarı tamaşalardakı rəssamlıq sənətindən geniş bəhs olunur. Monoqrafiyada müəlliflərin şəkilləri, ayrı-ayrılıqda hər birinin tamaşalara verdiyi rəssamlıq sənəti ilə bağlı səhnə quruluşları genişliyi ilə tədqiq edilir.
Müəllif bununla bərabər Ş.Qazıyevin yaradıcılığını da geniş təhlil edib onun yaradıcılığının teatr rəssamlığı ilə məhdudlaşmadığını, janr müxtəlifliyi ilə seçildiyini, müxtəlif janrlarda yaratdığı əsərlərdə duyulası sadəliyə tapınmaqla, görüntülərin inandırıcılığını klassik primitiv sənətindən gəlmə estetika ilə qovşaqda təqdim etdiyinə sübutlar göstərir. Onun Naxçıvanın tarixi, təbiəti, həyat və məişəti ilə bağlı süjetli kompozisiyalar, tablolar da yaratdığını və gənc rəssamlara qayğı göstərərək, onlara təsviri sənətin sirlərini öyrətdiyinə dair yeni faktlar ortaya qoyur. Bununla bərabər müəllifin xeyli əsərlərin səhnə təcəssümündə milli yanaşması da önə çəkilir. Ona rəssamlıq sənətinin inkişafındakı xidmətlərinə görə 1944-cü ildə “Naxçıvan MSSR Əməkdar incəsənət xadimi” fəxri adı verilməsinə, 1946-cı ildə “Əməkdə rəşadətə görə” döş ordeni ilə təltif olunmasına da tarixi faktlar göstərir. Onun 1948-ci ildə Bakıya qayıtmaqla bu işi davam etdirdiyi, “Azərbaycan gəncləri” qəzetində rəssam vəzifəsində çalışdığı da tarixi-elmi faktlarla təqdim edilir.
Bu fəsildə Nağı Nağıyevin yaradıcılığına da toxunan müəllif onun ömrünün 40 ilini Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına həsr etdiyini, teatrda tamaşalara verdiyi bədii tərtibatla yanaşı, 2 roman, 4 povest, 6 səhnə əsəri, 29 bədii və satirik hekayə, 43 miniatür yazı, 4 xatirə və 9 oçerkini də oxuculara bəxş etdiyini bildirir.
İkinci dünya müharibəsi və sonrakı mərhələdə Naxçıvan teatrında rəssamlıq sənəti (1941-1963) adlı III fəsildə də Naxçıvan Dövlət Dram Teatrının 1941-1945-ci illərdə rəssamlıq sənətindən bəhs edən müəllif, yeni elmi faktları oxuculara çatdırır. Burada Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində mühafizə olunan sənədlərdən, 1947-1948-ci il Naxçıvan teatrının repertuarında Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Avropa dramaturgiyasına müraciət edildiyi də qeyd edilir.
Əsərin IV fəslində 1964-1990-cı illərin rəssamlıq sənətini ortaya qoyan müəllif burada Məmmədəli İsmayılov, Yuran Məmmədov, Mircəlil Seyidov və Əli Səfərovun əsərlərə verdiyi bədii tərtibatlardan geniş bəhs edir. Naxçıvan teatrında 1967-1968-ci teatr mövsümündə teatrda “Dan ulduzu”, “Yaşar”, “Mən onu axtarıram”, “İtirilmiş sağlıq”, “Ağır cəza”, “Sənsiz”, “Hücum”, “Günəş”, “Solğun çiçəklər”, “Yarımçıq şəkil”, “Vaqif”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Kor padşah” kimi əsərlərin müvəffəqiyyətlə nümayişini nümunə kimi göstərir. Müəllif bu əsərlərin səhnə təcəssümündə M.İsmayılov, M.Qasımov, Y.Məmmədov və Əli Səfərovun rəssamlıq sənətini, onların tamaşaçılara təqdimatında milli mədəniyyətlə bağlı görüntülərə xüsusi yer ayırdıqlarını ayrılıqda oxuculara çatdırır. Təbii ki, bütün bunlar ağır zəhmətin və əsil tədqiqatçılıq bacarığının sayəsində ortaya çıxır.
Əsərin “Müstəqillik illərində Naxçıvan teatrında rəssamlıq sənəti (1991-2024) adlı V fəslində Naxçıvanın bu illərə aid teatr tamaşalarında rəssamlıq sənətində xüsusi yeri olan görkəmli rəssamlar Əbülfəz Axundov, Hüseynqulu Əliyev, Səyyad Bayramovun yaradıcılığından geniş bəhs olunur. Müəllif, Əsgər Əsgərov, Kamran Quliyev, Vaqif Əhmədov kimi gənc rejissorların səhnəyə qoyduqları tamaşalarda və Əbülfəz Axundov, Hüseynqulu Əliyev, Səyyad Bayramov kimi rəssamların isə, bu tamaşaların quruluşunda rəssamlıq fəaliyyətlərini tarixi faktlar və mənbələr əsasında geniş araşdırır.
Bütün bu elmi faktları ortaya çıxarmaq təbii ki, xüsusi bacarıq, elmi yanaşma peşəkarlığının nəticələri kimi özünü təqdim edir. Biz müəllifə geniş və əhatəli tədqiqatlarında yeni-yeni uğurlar və cansağlığı arzu edirik.
Firudin Rzayev,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
Filologiya üzrə fəlsəfə doktoru, dosent