11 iyul 2025 19:20
125

UNESCO-da Azərbaycanın mədəni irs abidələrini qorumasından danışılıb

Azәrbaycanın Ümumdünya İrs Siyahısındakı ilk abidәsi olan “İçərişəhər, Şirvanşahlar Sarayı və Qız Qalası” kompleksinin siyahıya daxil edilmәsinin 25-ci ildönümü tamam olur. Bu yubiley Azərbaycanın qlobal mədəni irsə verdiyi töhfənin bir göstəricisi, eyni zamanda mədəni irsin qorunması sahəsində son 25 ildə ölkəmizin qazandığı zəngin təcrübənin parlaq təcəssümüdür.

“İki sahil” xəbər verir ki, bu fikirləri UNESCO-nun İrs Komitəsinin 47-ci sessiyası çərçivəsində İçərişəhərin Ümumdünya İrs Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş “Dünya irsinin qorunması: İrsin konservasiyası və kommunikasiyası təcrübələri” adlı tədbirdə UNESCO üzrə AzərbaycanIın Milli Komissiyasının Baş Katibi Seymur Fətəliyev deyib. Bildirib ki, İçərişəhər zəlzələnin fəsadları, urbanizasiya problemləri və konservasiya imkanlarının məhdudluğuna görə Ümumdünya İrs Siyahısına daxil edilməsindən bir neçə il sonra “Təhlükə altındakı Ümumdünya İrs Siyahısına” daxil edilib. Ancaq qısa zamanda qəbul edilən strateji qərarlar, siyasi iradə və dövlətin bu sahəyə göstərdiyi xüsusi diqqət nəticəsində ciddi dönüş yaranıb: “İçərişəhər Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması, inteqrə edilmiş idarəetmə sisteminin tətbiqi, elmi əsaslı konservasiya planlarının hazırlanması və ardıcıl həyata keçirilməsi sayəsində 2009-cu ildə İçərişəhər yenidən əsas siyahıya qaytarıldı. Bu, UNESCO təcrübəsində nadir hallarda rast gəlinən uğurlu nümunələrdən biri kimi tarixə düşüb. Təhlükə siyahısında olan abidənin yenidən əsas siyahıya qaytarılması böyük əzm, sistemli yanaşma, elmi əsaslandırılmış fəaliyyət və mədəni irsə sonsuz sevgi tələb edir. Bu proses mədəni irsin canlı yaddaş daşıyıcısı olduğunu göstərir”.

S. Fətəliyev hazırda Azərbaycanın Ümumdünya İrs Siyahısında beş irs nümunəsinin yer aldığını vurğulayıb. “İçərişəhər, Şirvanşahlar Sarayı və Qız Qalası”, “Qobustan qayaüstü mədəni landşaftı”, “Xınalıq mədəni landşaftı və Köç Yolu”, “Şəkinin tarixi mərkəzi və Xan Sarayı” kimi irslərimizin mədəni irs kateqoriyasına, “Hirkan meşələri”nin isə Azərbaycanın Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk təbii irs nümunəsi olduğunu deyib.

Azərbaycanın mədəni və təbii irs baxımından zəngin ölkə olduğunu deyən Baş katib qarşıdakı illərdə bu kateqoriyalarda yeni nominasiya dosyelərinin hazırlanacağını diqqətə çatdırıb. O, ölkəmizin UNESCO-nun 1972-ci il Konvensiyasının fəal tərəfdaşı olduğunu deyib.

Ölkəmizin Ümumdünya İrs Komitəsinin keçmiş üzvü, eləcə də UNESCO ailəsinin etibarlı üzvü olaraq bu Konvensiyanın icrasında yaxından iştirak etdiyini bildirib: “2019-cu ildә Bakı Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi etdi. Bu tədbir irs sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verdi. Bu yanaşmanın davamı olaraq, Azərbaycan 2022-2023-cü illərdə Afrika ölkələrinin UNESCO üzrə Milli Komissiyalarının nümayəndələri üçün mədəni irs sahəsində genişmiqyaslı treninqlər təşkil etdi. 50-yə yaxın Afrika ölkəsini əhatə edən bu təşəbbüs irsin coğrafiyadan asılı olmayaraq bəşəri dəyər olduğunu bir daha nümayiş etdirdi”.

Seymur Fətəliyev Azərbaycanın 2025–2029-cu illər üzrə Ümumdünya İrs Komitəsinə namizədliyini irəli sürdüyünü də xatırladıb: ”Noyabrında keçiriləcək seçkilərdə Azərbaycanın namizədliyini dəstəkləməklə üzv dövlətlər ümumbəşəri irsin qorunmasına, Afrika irsinin Ümumdünya İrs Siyahısında daha balanslı və ədalətli şəkildə təmsil olunması istiqamətində görüləcək işlərə mühüm töhfə vermiş olacaqlar. Azərbaycan yenidən seçildiyi təqdirdə təhlükə altındakı irsin qorunması, regionlar arasında balansın təmin olunması, az təmsil olunan ölkələrin səsinin eşidilməsi və bu sahədə bilik və bacarıqların paylaşılması kimi məsələlər diqqət mərkəzində olacaq. Multikulturalizmi dövlət siyasəti elan etmiş Azərbaycan UNESCO dəyərlərinə sadiq olaraq, İrs Komitəsinin işinə böyük töhfə verməyə hazırdır”.

Milli Komissiyanın Baş Katibi Azərbaycanın işğladan azad edilmiş ərazilərində aparılan quruculuq işlərindən də danışıb. Bildirib ki, bu torpaqlarda 100 müxtəlif mədəni irs abidəsinin ətrafında işğal dövründə Ermənistan tərəfindən kütləvi minalar basıdrıldığı aşkar edilib. O, Həmin abidələrin ciddi təhlükə və risk altında olduğunu diqqətə çatdırıb: “Təsəvvür edin ki, 30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən yüzlərlə abidə sistemli şəkildə dağıdılıb, məscidlərimiz təhqirə məruz qalıb, digər abidələrin əksəriyyətinin ətrafı minalanıb. Azәrbaycan bu gün әtrafı minalanmış irs abidələrinin sayına görə dünyada ilk sıradadır. Bu vəziyyət təkcə maddi mədəni irsə deyil, həmçinin insan həyatına birbaşa təhdid və təhlükədir”.

S. Fətəliyev ölkəmizin təfərdar olduğu bütün Konvensiyalara və onlardan irəli gələn öhdəliklərə hər zaman sadiq olduğunu vurğulayıb. Bildirib ki, mədəni və təbii irs bəşəriyyətin ortaq sərvəti, onunların qorunması isə yalnız keçmişə borcumuz deyil, eyni zamanda gələcək nəsillər qarşısında mənəvi məsuliyyətimizdir.