12 iyul 2025 11:24
132

Azərbaycan və Gürcüstan BTQ layihəsi çərçivəsində birgə səyləri müzakirə edib

Azərbaycan və Gürcüstan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu marşrutunun tam istifadəyə verilməsi üçün birgə səyləri müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə danışıqların yekunlarına dair “X” sosial şəbəkəsində məlumat verib.

“Ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlığın hazırkı səviyyəsini və perspektivlərini, həmçinin BTQ layihəsinin tam işə salınması üçün birgə səyləri müzakirə etdik”, - R. Nəbiyev qeyd edib.

Nazirin sözlərinə görə, danışıqların gündəliyində avtomobil nəqliyyatı sahəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, İKT, rəqəmsal transformasiya, süni intellekt və innovasiya sahələrində potensial əməkdaşlıq məsələləri də yer alıb.