14 iyul 2025 10:40
191

Vüqar Rəhimzadə: Ümummilli Liderin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcıdır

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu,    Ümummilli Lider Heydər Əliyevin respublikamızda birinci  dəfə hakimiyyətə  gəlməsindən  56 il keçir. Ulu Öndərin 1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçilməsi ilə respublika həyatında yeni inkişaf mərhələsinin əsası qoyuldu. İqtisadi və sosial sahədə  həyata keçirilən kompleks islahatlar qısa zamanda Azərbaycanı keçmiş İttifaq respublikaları arasında   inkişaf dinamikasına görə öncül mövqeyə yüksəltdi, güclü sənaye-aqrar potensialı yaradıldı. Həmin  illər  Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərdi, özünüdərki və soy-kökə qayıdışı təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi. Ümummilli Lider Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi bacarığı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha nümayiş etdirdi. Ulu Öndər  bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkdi və respublikamızın inkişafı üçün  bütün imkanlardan istifadə etdi. Ümummilli Lider Heydər Əliyevin 1969-cu ildə birinci dəfə hakimiyyətə gəlişi Azərbaycanın qurtuluş tarixinin başlanğıcı kimi dəyərləndirilir. Çünki ötən əsrin 70-80-ci illərində yaradılan iqtisadi və milli-mədəni potensial ölkəmizin gələcək müstəqilliyinin əsasını qoymuşdur. Sonrakı illərdə həmin dövrdə görülən işləri  həyata keçirdiyi tədbirlərdən geniş bəhs edən  Ulu Öndər Heydər Əliyev bildirmişdir ki, bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur.

Ümummilli Lider Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində 1982-ci ildə Azərbaycan artıq keçmiş İttifaq respublikaları sırasında  qabaqcıl yerlərdə dayandı. Ulu Öndərin  gördüyü işlər sayəsində həm ağır sənaye, həm kənd təsərrüfatı, həm də yüngül sənaye sahələri böyük dərəcədə inkişaf etdi. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, bugünkü müasur müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda  bu gün də fəaliyyət göstərərək  ölkəmizin  inkişafına öz töhfələrini verirlər.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, 56 il bundan əvvəl ölkəmizin gələcəyi üçün yaradılan möhkəm təməl Azərbaycanın hazırda qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən  ölkə kimi təqdimatında əhəmiyyətli rol oynayır. Hələ 1969-cu il iyulun 14-də Azərbaycanın rəhbəri seçilən Ulu Öndər Heydər Əliyev xalqımızın  xoşbəxt gələcəyi istiqamətində bir-birindən mühüm addımlar atdı. Azərbaycançılıq ideologiyasının inkişafı prioritet məsələlər sırasında oldu. Azərbaycan gəncinin daha savadlı, yüksək dünyagörüşünə malik, vətənpərvər şəxsiyyət kimi yetişməsi istiqamətində mühüm addım atıldı. Cəmşid Naxçıvanski adına hərbi lisey yaradıldı. Həmin illərdə minlərlə Azərbaycan gənci  keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi.

  Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin çıxışlarında yer alan bu mühüm məqama xüsusi diqqət yönəldərək bildirib ki, Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırdı və Azərbaycan xalqının faciələri o gündən başladı. Şübhə yoxdur ki, əgər Ümummilli Lider  Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Dahi şəxsiyyət Heydər Əliyevin gücü, müdrikliyi, ümumiyyətlə, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu.

   Millət vəkili Ulu Öndərin  hakimiyyətinin ikinci dövründə də  Azərbaycanı böyük faciələrdən, təhlükələrdən  xilas etdiyini  qeyd edib. Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadıqları xalqımızı öz xilaskarına üz tutmasını şərtləndirdi. Azərbaycan müstəqilliyini itirmək, parçalanmaq təhlükəsini yaşayırdı. Bu ağır günlərdə  xalqın təkidli tələbinə səs verərək  hakimiyyətə qayıdan Ulu Öndər  Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi.  Ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtaran Ümummilli Lider düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində   bütün sahələrdə vüsət alan  dərin tənəzzülün qarşısını aldı, yenidən qurduğu Azərbaycanın  dayanıqlı inkişaf yolunu müəyyən etdi. Ulu Öndər Heydər Əliyev böyük əziyyətlər bahasına  Azərbaycanın  müstəqilliyini əbədi və dönməz etdi. Ümummilli Lider məhz həmin illərin çətinlikləri fonunda davamlı inkişaf yoluna çıxan Azərbaycanın uğurlarına söykənərək bildirmişdir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən də çətindir.

   Vüqar Rəhimzadə vurğulayıb ki, Ümummilli Lider müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri  müəyyənləşdərək onları  uğurla  həyata keçirdi. Müəllifi olduğu  milli neft strategiyasının uğurla reallaşdırılması nəticəsində xalqımız öz təbii sərvətlərinin tam sahibinə çevrildi. 1994-cü il 20 sentyabr tarixində dahi şəxsiyyətin böyük səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı.  Bu saziş ölkəmizin bu gününə və gələcəyinə inamı artırdı. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkəmizlə əməkdaşlıqda maraqlı olan dövlətlərin sayı günbəgün artdı. 1993-2003-cü illərin mühüm hadisələrindən biri də Azərbaycanının  ilk Konstitusiyasının qəbul olunması oldu. Bütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi, demokratik, hüquqi dövlət quruculuğu, nizami ordunun yaradılması Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir. Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Ümummilli Liderin  mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur. Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmləndi. Hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlllində əsas amillərdən olan diplomatik mübarizədə üstünlüyün qorunması istiqamətində davamlı addımlar atıldı. 1993-2003-cü illəri xarakterizə edən  reallıq budur ki, Azərbaycan dünyaya Güməş kimi doğdu. 2003-cü ildən bu Günəş öz parlaqlığını daha da qorudu, bugünkü və gələcək inkişafa yol açdı.  

   Millət vəkili bildirib ki, 2003-cü ildə xalqımız Heydər Əliyev siyasətinə səs verərək cənab İlham Əliyevin Prezident seçilməsini təmin etdi. Bu. inamlı qələbə Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycanı uğurdan-uğura, Zəfərdən-zəfərə aparır. Prezident İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində Ümummilli Liderə nu müraciəti etmişdir ki, əsəriniz olan müasir müstəqil Azərbaycanı daha da zənginləşdirəcək, qüdrətləndirəcək, zəfərlərə aparacaq. Son 21 ildən artıq dövrdə keçirilən 2008, 2013, 2018, 2024-cü il prezident seçkilərində cənab İlham Əliyevin inamlı qələbəsi hər bir vədini əməli işi ilə təsdiqlədiyini nümayiş etdirir. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası Azərbaycanın yeni dövrə qədəm qoymasını təmin etməklə yanaşı, ötən il müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkilərinin keçirilməsini şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyev ötən il andiçmə mərasimində böyük əminliklə qeyd etdi ki, 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla, qələbələrlə dolu illər olmuşdur. Çətinliklər də, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla getdi. 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik.

Vüqar Rəhimzadə qeyd edib ki, Heydər Əliyev siyasətinin uğurları davamlıdır. Bu gün Azərbaycan dünyaya dirçəliş modelini təqdim edir. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Artıq 16 şəhər və kənd sakinlərinə qovuşub. Böyük Qayıdış Proqramı uğurla icra edilir.  Qarabağımız və Şərqi Zəngəzurumuz diplomatik mərkəzə çevrilib. Tezliklə Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Qərbi Azərbaycana da qayıdışdan bəhs edəcəyik. Güclü lider, düşünülmüş siyasət uğurlarımızın əsasıdır.

Millət vəkili Heydər Əliyev irsinin təbliği missiyasını uğurla yerinə yetirən Heydər Əliyev Fondunun xidmətlərindən də bəhs edib. Fondun gercəkləşdirdiyi layihələr ölkəmizin hərtərəfli inkişafına böyük dəstəkdir. Azərbaycanın informasiya cəbhəsində üstünlüyünü qoruması istiqamətində Heydər Əliyev Fondunun gördüyü işlər yüksək dəyərləndirilir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin fevralında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilərkən Fondun gördüyü işlərin bu təyinatda rolu xüsusi qeyd edildi. Bu gün qalib, yeni Azərbaycan Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində yeni-yeni hədəflərə doğru inamla addımlayır. Hər bir uğurumuz Heydər Əliyev siyasətinin təntənəsidir.