14 iyul 2025 21:57
119

Sosial müəssisələrdə qidalanma: Sağlamlığın və psixoloji rifahın ayrılmaz tərkib hissəsi

Məktəblər, uşaq bağçaları, xəstəxanalar, qocalar evləri, istirahət və reabilitasiya mərkəzləri kimi sosial müəssisələrdə qidalanmanın təşkili təkcə fizioloji ehtiyacların qarşılanması ilə yekunlaşmır. Burada təqdim olunan yeməklərin keyfiyyəti, menyunun düzgün planlanması, sanitar-gigiyenik şərait və hətta yemək mühitindəki qoxular insanların sağlamlığına və psixoloji vəziyyətinə birbaşa təsir edir. Bu baxımdan, sosial müəssisələrdə qidalanma məsələsinə kompleks və peşəkar yanaşma zəruri hesab olunur.

Qida Təhlükəsizliyi və sağlam qidalanma üzrə mütəxəssislər, psixoloqlar hesab edirlər ki, hər yaş qrupunun və sağlamlıq durumunun özünəməxsus qida tələbatı mövcuddur. Bu səbəbdən də menyuların tərtibində balans, fərdilik və keyfiyyət prinsipləri əsas götürülməli, eyni zamanda, yemək mühiti insanlarda xoş təəssürat yaratmalıdır. Mütəxəssislərin fikrincə, düzgün qidalanma sadəcə fiziki sağlamlıq deyil, həm də emosional tarazlıq və sosial rifah üçün vacib amildir.

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, sosial müəssisələrdə — xəstəxanalarda, bağçalarda, məktəblərdə, qocalar evlərində və digər bu kimi yerlərdə qidalanmanın təşkili yalnız fizioloji deyil, həm də psixoloji və sağlamlıq baxımından son dərəcə mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, bir neçə əsas məqam mütləq şəkildə nəzərə alınmalıdır: “İlk növbədə, qidalanma rejimi və qida planlaması yaşa, cinsə, fiziki aktivliyə, sağlamlıq vəziyyətinə, mövsümə və hətta fərdi metabolik xüsusiyyətlərə uyğun qurulmalıdır. Qida porsiyaları balanslı şəkildə tənzimlənməli, gün ərzində insanın vitamin-mineral ehtiyacını ödəyəcək makro və mikroelementlərlə zəngin qidalar menyuda yer almalıdır. Eyni zamanda, qidaların tərkibi keyfiyyətli olsa belə, menyuda monotonluq olmamalıdır. Çeşid bolluğu həm bədən, həm də zehni sağlamlıq üçün vacibdir. Çünki uzun müddət eyni növ yeməklərlə qidalanma nəticəsində bəzi qida maddələrinin çatışmazlığı yarana və bu da müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Xüsusilə uşaqlar üçün nəzərdə tutulan təhsil müəssisələrində, qida normaları yaş, cins və fiziki aktivlik səviyyəsinə uyğun şəkildə tərtib olunmalıdır. Uşaqların menyusunda faydalı karbohidratlar, lazımi miqdarda zülal, A, D, C və B qrupu vitaminləri, dəmir və digər minerallarla zəngin qidalar yer almalıdır. Bu, uşağın həm fiziki inkişafına, həm də immun sisteminin möhkəmlənməsinə xidmət edir. Zərərli maddələrdən uzaq durmaq əsas şərtdir. Rəf ömrü uzun olan, kimyəvi qatqılarla zəngin, trans yağlar və doymuş yağlar ehtiva edən məhsullardan istifadə edilməməlidir. Bunların əvəzinə təbii mənşəli, keyfiyyətli yağlara üstünlük verilməli, gündəlik duz istifadəsi isə müəyyən olunmuş normanı keçməməlidir. Bu qaydalara əməl olunmaması gələcəkdə hipertoniya, ürək-damar xəstəlikləri və digər ciddi fəsadlara yol aça bilər”.

Bəs düzgün qidalanmanı necə təşkil etməli?

Məhsəti Hüseynova vurğuladı ki, qidaların hazırlanma prosesi  gigiyenik normalara uyğun şəkildə həyata keçirilməlidir: “Bu zaman istifadə olunan avadanlıqlar təmiz saxlanmalı, yeməyi hazırlayan şəxslər tibbi yoxlamadan keçməli və sanitariya qaydalarına uyğun xüsusi geyimlərlə fəaliyyət göstərməlidirlər. Bundan başqa, bəzi insanlarda müəyyən qida maddələrinə qarşı allergiya və ya həssaslıq olur. Bu səbəbdən menyular hazırlanarkən bu risk qrupları nəzərə alınmalı, təqdim edilən yeməklərin tərkibi barədə şəffaf və aydın məlumat verilməlidir. Xüsusilə qarışıq yeməklər təklif edilərkən, onların tərkibi açıq şəkildə göstərilməlidir ki, allergiyası olan şəxslər üçün risk yaranmasın. Xroniki xəstəliyi olan şəxslər üçün isə fərdi qidalanma planları xüsusi diqqət tələb edir. Diabet, hipertoniya, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri kimi hallarda uyğun pəhrizlər tətbiq olunmalı, yüksək şəkərli, duzlu, yağlı və yüksək kalorili yeməklərdən uzaq durulmalıdır. Bu şəxslər üçün menyuda zülalla zəngin, lifli, mövsümi meyvə-tərəvəzlər və faydalı paxlalılar yer almalıdır. Əgər xəstə və ya yaşlı şəxslər yetərincə qida qəbul edə bilmirsə və ya qida dəyəri aşağıdırsa, əlavə bioloji aktiv maddələr və vitaminlər yalnız mütəxəssislərin nəzarəti ilə təyin olunmalıdır”.

Həmsöhbətimizin sözlərinə görə, sosial müəssisələrdə qidalanmanın düzgün təşkili təkcə fiziki sağlamlığın deyil, emosional və sosial rifahın təmin olunmasında da mühüm rol oynayır. Bu sahədə peşəkar yanaşma və elmi əsaslı planlama hər kəsin sağlam, balanslı və təhlükəsiz qidalanmasını təmin etməyin əsas yoludur.

Sosial müəssisələrdə yemək sadəcə qida deyil, ruhi dəstəkdir

Psixoloq Günay Kərimi bildirir ki,  insanın psixi sağlamlığına təsir edən çoxsaylı amillər mövcuddur və gün ərzində yaşadığımız mühit, iş, hava şəraiti və yediyimiz qidalar bu amillərin arasında xüsusi yer tutur. Xüsusilə sosial müəssisələrdə bağçalarda, məktəblərdə, qocalar evlərində və xəstəxanalarda insanlara təqdim olunan qidaların keyfiyyəti və tərkibi onların psixoloji vəziyyətinə birbaşa təsir göstərir: “Sosial müəssisələrdə qidalanmanın düzgün təşkili psixoloji sağlamlığın qorunmasında mühüm rol oynayır. Keyfiyyətli və təbii qidalar insanların əhval-ruhiyyəsini yaxşılaşdırır, stres səviyyəsini azaldır və beyin funksiyalarını dəstəkləyir. Məsələn, maqneziumla zəngin qidalar yaddaşın möhkəmlənməsinə, diqqətin artmasına və narahatlığın azalmasına kömək edir. Eyni zamanda, yemək mühitində xoş qoxular və estetik təqdimat da insanın psixoloji rahatlığını artırır. Yeməkdən alınan zövq və qidaların balanslı tərkibi sosial müəssisələrdə olan insanların gündəlik emosional durumuna müsbət təsir göstərir, onların daha yaxşı hiss etməsinə və ümumi sağlamlıq vəziyyətlərinin yüksəlməsinə yardımçı olur. Buna görə də bu müəssisələrdə qidalanma təkcə fiziki ehtiyacları qarşılamaqla kifayətlənməməli, həm də psixoloji rifahı dəstəkləməlidir. Beləliklə, sosial müəssisələrdə qidalanmanın təşkili insanın psixi sağlamlığına ciddi təsir göstərir və bu sahədə keyfiyyətli, təbii və balanslı qidaların təqdimatı prioritet olmalıdır”.

Qoxu və dad duyğuları psixoloji travmalarla sıx bağlıdır

Psixoloq Aytən Ələkbərova hesab edir ki, sözügedən sosial müəssisələrdə qidalanmanın təşkili, menyunun keyfiyyəti və yemək mühitindəki qoxular insanların psixoloji vəziyyətinə birbaşa təsir göstərir: “Bəzən uşaqların bağça yaşlarında dadına və ya qoxusuna dözə bilmədiyi yeməklər onların yaddaşında elə dərin iz buraxır ki, illər sonra belə həmin yeməklərə qarşı ögey münasibəti saxlayırlar. Hətta yemək otağından gələn qoxu belə həmin xoşagəlməz xatirələri yenidən canlandıra bilir. Məsələn, bir çox insanlar şorba və ya digər qida məhsullarına qarşı uşaq vaxtı yaşadıqları travmatik təcrübələr səbəbindən ömür boyu ögey münasibət bəsləyə bilirlər.

Bu fenomen yalnız uşaqlarla məhdudlaşmır. Məsələn, 44 günlük Vətən müharibəsi zamanı bəzi qazilər müraciət edərək bildirirdilər ki, qoxu və dad hissləri zədələndiyi üçün yemək yeyə bilmirdilər, hər yerdə sanki qanın iyini hiss edirdilər. Bu da göstərir ki, qoxu və dad duyğuları psixoloji travmalarla sıx bağlıdır və insan şüurunda dərin izlər buraxa bilir”.

Psixoloq qeyd edir ki, yeməklərin hazırlanma və təqdimat tərzi də emosional rifaha təsir göstərən mühüm amillərdəndir: “Bəzən insanlar bir yeməkdən uzun illər iyrənir, lakin başqa bir şəraitdə, fərqli bir tərzdə hazırlanmış həmin yeməyi qoxusunu hiss etmədən yedikdə, fikirlərinin dəyişdiyini anlayırlar. Belə hallarda ortaya çıxır ki, bəlkə də illərlə həmin yeməyə qarşı yaranan önyarğı onun keyfiyyətindən deyil, düzgün təqdim olunmamasından və ya əvvəlki mənfi təcrübədən qaynaqlanırmış. Eyni yanaşma istirahət mərkəzlərinə də aiddir. İnsanlar bu cür yerlərdə ilk olaraq səhər yeməyində nə veriləcəyini düşünür, təqdim olunan menyuya və yemək mühitindəki qoxulara diqqət yetirirlər. Əgər yeməkxanaya daxil olduqda pis qoxu hiss olunursa, bu, artıq yeməyə qarşı istəksizlik yaradır və emosional rahatlığı pozur”.

Aytən Ələkbərovanın sözlərinə görə, diqqət çəkən başqa bir məqam isə emosional aclıqdır: “Bu anlayış təkcə fiziki aclığı deyil, eyni zamanda, insana aidiyyəti olan dörd əsas ehtiyacın – yemək, geyim, şəxsi məkan və təbiətlə təmasın – qarşılanmamasını əhatə edir. Əgər bu ehtiyaclar, xüsusilə də qidalanma hissi insanın zövqünə, dadına, rahatlığına uyğun şəkildə təmin olunmursa, həmin şərait onun psixoloji rifahına mənfi təsir edir. Nəticə etibarilə, qidalanmanın keyfiyyəti və şəraiti yalnız bədənə deyil, insanın psixoloji vəziyyətinə, emosional tarazlığına və hətta gündəlik qərarlarına da təsir göstərir. Buna görə də bəzi insanlar bağçanı, məktəbi, istirahət mərkəzini və ya səhiyyə müəssisəsini seçərkən təqdim olunan yeməklərə, qoxulara və menyunun zənginliyinə xüsusi diqqət yetirir. Bu isə nəticə olaraq həmin müəssisənin xidmətlərinin qiymətinə belə təsir göstərə bilir”.

Nigar Orucova, “İki sahil”