Deputat Fazil Mustafa Milli Məclisdə həmkarı İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsindən sitat gətirib.
“İki sahil” xəbər verir ki, F.Mustafa “Terrorsuz Türkiyə” siyasi prosesi ilə bağlı çıxışında sözügedən hekayədən misal çəkib.
“Terrorsuz Türkiyə” hərəkatının məhsulları artıq ortaya çıxmağa başlayır. 45 ildən çox Türkiyəyə böyük faciələr yaşadan PKK terroruna dinc yolla son qoyulması istiqamətində real addımlar atılmaqdadır. Bu prosesi Azərbaycan ictimaiyyətindən gözəl heç kəs anlaya bilməz. Çünki 5 il öncə Laçının, Kəlbəcərin, Ağdamın dinc yolla, Azərbaycan Prezidentinin böyük diplomatik qabiliyyəti, bacarığı ilə terrorçu işğalçılardan azad edilməsinin nəticələrini biz necə hiss etdiksə, Türkiyə də yaxın gələcəkdə bu terrordan qurtulmağın nəticələrini daha aydın şəkildə hiss edəcək. Eyni zamanda Suriyada terrorun mənbələrinin müəyyən dərəcədə təhlükəsizləşdirilməsində Türkiyəyə, bəlkə də, ən böyük dəstəyi Azərbaycan verib.
Bu günlərdə Azərbaycan mətbuatında çox gözəl bir hekayə çıxmışdı. Dəyərli həmkarımız İmamverdi İsmayılovun “Bayquş və qarovulçu” hekayəsi var idi. Çox anlamlı, gözəl hekayədir. Orada maraqlı bir ifadə yaddaşımda qaldı. Deyir ki, bayquşun arxasınca düşənlər mütləq gedib xarabalığa çıxacaq. Ümumiyyətlə, bu terrorun arxasınca düşən bütün cəmiyyətlər də mütləq o bölgədə ancaq xarabalıq görə bilərlər. İndi Türkiyənin o xarabalıqdan xilas olmaq imkanları var”, - deyə deputat qeyd edib.