23 iyul 2025 23:45
190

Qürurla böyüyən şəhid övladı...

Tariximizin şərəf səhifəsi olan 44 günlük haqq savaşımızda hünər göstərib müqəddəs şəhidlik zirvəsinə ucalan baş leytenant  Vüsal Kazımovun adı indi hər bir azərbaycanlı üçün əzizdir.  Lənkəran rayonunun Nüvədi kəndində boya-başa çatan bu, Vətən sevdalısı  qazanılan qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrilərək əbədi olaraq milyonların ürəyində özünə yer edib.

Zəfər şəhidimiz özündən sonra 2 qız uşağını canından artıq sevdiyi Vətəninə yadigar qoyub.  Böyük qızın adı Nuraydır.  4-cü sinfi başa vuran Nuray oxuduğu Lənkəran rayonu, Nüvədi kənd məktəbində hamı tərəfindən sevilir. Parlaq ulduzlu bir ömür yaşayan şəhid atasının şərəfini yüksək tutmaq üçün yalnız “əla” qiymətlər alır, saf davranışı, ailədən gələn Vətən sevgisi,   gözəl tərbiyəsi ona hörmət gətirir.

Nuray Vüsal qızının 10 yaşı tamam oldu. Əziz gün münasibətilə tanıyanlar, bilənlər, əsas da oxuduğu məktəbin şagirdləri, müəllim kollektivi Nurayın təbrikinə gəlmişdi. Müəllimləri çıxış zamanı bildirdilər ki, məktəbimizin məzunu, igid Vətən oğlu, zəfər şəhidi, baş leytenant Vüsal Kazımovun  ən layiqli əmanəti olan  Nurayın qürurlu baxışları, alnındakı işıq bizə Vətən sevgisinin, mərdliyin, iradənin ən dəyərli  nümunəsini  göstərir. Həmişə bu müqəddəs əmanətə böyük sevgi və məsuliyyətlə yanaşır, şəhidimizin ruhunu dərin ehtiramla yad edirik.  Nuray hamımıza əzizdir. Ona nurlu, uğurlu bir ömür arzulayırıq!

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü