24 iyul 2025 08:10
266

Ümidləri əməli fəaliyyəti ilə doğruldan LİDER

Xankəndidə keçirilən III Şuşa Qlobal  Media Forumu ilə bağlı  xarici KİV-lərdə yayılan açıqlamaların hər biri Prezident İlham Əliyevin  daxili və xarici siyasətinə, diplomatik uğurlarına verilən "əla" qiymətdir

  Dünya siyasətinə baxış  kimi dəyərləndirilən, biri-birindən əhəmiyyətli  problemlərin həlli üçün  siyasi , iqtisadi, humanitar platformaya çevrilən, regional və  qlobal miqyasda mövqelərini möhkəmləndirən Azərbaycan  ev sahibliyi etdiyi III Şuşa Qlobal Media Forumu ilə yenə də dünya ictimaiyyətinin diqqətini cəlb etdi. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula1 yarışları, BMT və TÜRKSOY kimi beynəlxalq təşkilatların forumları, COP29 iqlim konfransı  kimi tədbirlər ölkəmizin   diplomatik çevikliyinin, təşkilatçılıq potensialının təzahürüdür. Auditoriyasının genişliyi, cografiyasının müxtəlifliyi, müzakirə olunan mövzularının hədəfə ünvanlanması baxımından   daha çox diqqətçəkən,  artıq ənənəvi xarakter alan  Şuşa Qlobal Media forumlarına artan maraq  Prezident İlham Əliyev tərəfindən  səsləndirilən strateji mesajların beynəlxalq ictimaiyyət tərəfindən  dəstəklənməsinin ifadəsidir.

 III Şuşa Qlobal Media  Forumunun  Azərbaycanın  suverenliyinin tam və qəti  təsdiqi  olan Xankəndidə keçirilməsi təkcə rəmzi məna daşımır. Bu seçim  Azərbaycanın müstəqil dövlət kimi bütövlüyünün, varlığının, ölkə qanunlarına hər kəsin hörmətlə yanaşmasının vacibliyini bildirən  siyasi və hüquqi mesajdır: «Qarabağ artıq separatizm  yuvası deyil,  yenidən qurulan sülh, inkişaf və əməkdaşlıq məkanıdır.»

 Mahiyyət etibarilə  daha çox informasiya  resurslarında çalışanların iştirakı ilə  keçirilən Forum dünya hadisələrinə, siyasi situasiyalara, bu gün daha çox ehtiyac duyulan  iqtisadi əməkdaşlığa, enerji təhlükəsizliyinin təminatına, qlobal nəqliyyat layihələrinin həllinə istiqamətlənmiş çağırış məkanıdır.  Dünya ictimaiyyətini narahat edən hadisələrin  obyektiv  təhlili platformasıdır. Dörd saata yaxın davam edən Forumun açılış  mərasimində  siyasi  mənsubiyyətindən, təmsil etdiyi ölkənin  mövqeyindən asılı olmayaraq verilən bütün sualları  məntiqlə cavablandıran Prezident İlham Əliyev liderliyin daha bir ustad dərsinə imza atdı.  Qlobal münaqişələrdən, müharibələrdən sarsılan dünyamızın  real   informasiyalara daha çox ehtiyacının olduğunu təhlili açıqlamaları ilə diqqətə çatdırdı. Bölgədə yeni reallıqlar yaradan  Azərbaycandan  səsləndirilən  humanizmə,   qarşılıqlı əməkdaşlığa  çağırış mesajları ilə bağlı xarici KİV-lərdə  dərc olunan  təhlili yazılar Prezident İlham Əliyevin  xoşniyyətli siyasətinə gerilən dəyərdir.
ABŞ Prezidenti Donald Trampın öz sosial şəbəkəsində Prezident İlham Əliyevin  Şuşa Qlobal Media Forumundakı  çıxışı ilə bağlı paylaşımı,  dövlət başçmızın bu cür diqqət üçün  amerikalı həmkarına minnətdarlıq etməsi dünya siyasətində az təsadüf olunan siyasi həmrəylik nümunəsidir.  Qlobal,  regional sülh gündəliyinə sadiqliyi ilə bağlı  fikirlərini öz sosial media platformasında paylaşdığına görə Ağ Evin sahibinə  minnətdarlığını «Mən bir daha Prezident Trampın bütün dünyada, o cümlədən regionumuzda sülhün və sabitliyin təşviq edilməsi ilə bağlı baxışını və səylərini dəstəklədiyimizi vurğulamaq istəyirəm. Biz, həmçinin ailə ənənələrinin əhəmiyyəti kimi ortaq dəyərləri bölüşürük və onun prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətlərinin yeni səviyyəyə qalxacağına ümid edirik» sözləri ilə bildirən, bölgədə sabitliyin tərəfdarı olan Prezident İlham Əliyevin  qlobal enerji, nəqliyyat layihələrinin şaxələnməsi istiqamətində davam etdirdiyi strategiya beynəlxalq səviyyədə dəstəklənir.    

Cənubi Qafqaz , Mərkəzi Asiya ,  Şərqdə və Qərbdə yerləşən ölkələr arasında əməkdaşlığın genişlənməsi  dövlətlərarası  təhlükəsizlik və inkişaf üçün perspektivləri artırır. Etimad prinsipinə əsaslanan qonşularla xoş münasibətlər üçün münbit şərait formalaşdırır. Forumda qeyd olunduğu kimi, bu amillər olmadığı təqdirdə  hansısa ölkənin tranzit rolundan söhbət gedə bilməz. Ölkəmizdə bu sahədə də  formalaşan diplomatik fəaliyyət respublikamızın etibarlı tərəfdaş imicini artırır.  Prezident İlham Əliyevin artıq aforizmə çevrilən «Biz nümayiş etdirməyə çalışmışıq ki, ölkəmiz etibarlı tərəfdaşdır və sözümüzün imzamız qədər dəyəri var. Bu, bu günə qədər də məhz belə olmuşdur» sözləri beynəlxalq əməkdaşlıq üçün etibarlı qarantdır. «Bağlantı layihələrinə gəldikdə, biz, ilk növbədə, Orta Dəhlizi qeyd etməliyik. Bu, bu gün çox geniş coğrafiyanı birləşdirən bir layihədir. Mən artıq bir neçə dövləti qeyd etdim. Həmin dəhliz Şərqdən Qərbi Avropaya qədər uzanır və bu da müxtəlif aktorlar arasında anlaşmaya səbəb olacaq. Burada daha çox anlaşmaya ehtiyac var» sözləri ilə  Azərbaycanın enerji, nəqliyyat layihələrinin qarşılıqlı əməkdaşlıq üçün etibarlı vasitə olduğunu qeyd edən Prezident İlham Əliyev ilk növbədə xarici müdaxilələrə qarşı barışmaz mövqeyini ifadə edir.  

Azərbaycanın   yaşıl  enerji gündəliyi ilə bağlı  təşəbbüslərinin geniş miqyasda dəstəklənməsi reallıqdır. Ötən il  Azərbaycanda  keçirilən  COP29-da  2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında  ölkəmizdə  ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisinin istehsalı ilə bağlı  öhdəliklər də göstərir ki, iqlim dəyişmələri  üzrə  təşəbbüslərin müəllifi olan  Azərbaycanda həyata keçirilən  «Yaşıl Keçid Proqramı»” bütün region üçün əhəmiyyətlidir. «Bir daha qeyd etmək lazımdır ki, Azərbaycana gəldikdə, təsəvvür edə bilərsiniz, biz karbon emissiyalarına ən böyük töhfə verən tərəf deyilik. Lakin bununla belə, yaşıl gündəliyimiz və körpü salmaq, müxtəlif tərəflər arasında anlaşma yaratmaq kimi məsələlərdə göstərdiyimiz səylər BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən lazımınca dəyərləndirilir. Bizə gəldikdə, bir daha qeyd edim ki, yaşıl gündəliyimizə sadiq qalacağıq.» sözləri ilə müxtəlif ölkələrin enerji ilə təminatında Azərbaycanın artan rolunu diqqətə çatdıran Prezident İlham Əliyev   ölkələrin siyasi təhlükəsizliyinin , regional  sabitliyin,  dövlətlərin ərazi bütövlüyünün  qorunmasını dünya siyasətinin   aktual məsələsi kimi diqqətə  çatdırır: «Regional gündəliyə gəldikdə, onu da qeyd edə bilərəm ki, biz yaşıl enerji layihələri üzərində çalışırıq. Çünki təkcə Azərbaycanda deyil, Mərkəzi Asiya ölkələrində də Günəş və külək elektrik enerjisi stansiyaları yaradılır. Ötən ilin noyabrında Bakıda COP29 çərçivəsində Özbəkistan, Qazaxıstan və Azərbaycan prezidentləri arasında yaşıl enerji ilə bağlı Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi imzalandı ki, Mərkəzi Asiyada istehsal olunan yaşıl enerji Azərbaycanın infrastrukturuna birləşdirilsin. Ona qədər Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan arasında da buna bənzər sənəd imzalandı ki, belə bir yaşıl enerji kabeli Qara dənizin dibi ilə çəkilsin. Yəni, region təkcə Cənubi Qafqazı əhatə etmir. Biz daha geniş coğrafiyanı əhatə edirik. Ancaq burada mərkəzi nöqtə məhz Azərbaycandır.» 

 Forumda yaddaqalan məqamlardan biri də  Ukraynanın «Gordon»” media qurumunun təsisçisi, jurnalist Dmitro Qordonun sualı olub.   Sualı Ermənistanın 30 il davam edən işğalçılıq siyasəti,  İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər  baxışından  cavablandıran  Prezident İlham Əliyevin «Bir neçə il əvvəl tədbirlərin birində Ukrayna nümayəndəsinin oxşar sualına cavab vermək imkanım olmuşdu. İndi verdiyim cavab ozamankı cavabımdan fərqli olmayacaq və düşünürəm ki, bu, Ukrayna xalqının istəkləri ilə də səsləşir – heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük» sözləri  Qələbəyə aparan yolun bələdçisi  təsəvvürü formalaşdırdı. Dünyada  bir sensasiya yaratdı. Prezident  İlham Əliyev auditoriya qarşısında Zəfərə aparan yolla bağlı ustad dərsi keçərək «Nəyi, necə, nə vaxt» etməyin düsturunu beynəlxaq hüquqa əsaslanaraq  Ukrayna variantı  üçün təkmilləşdirdi.  Məhkum olduğumuz çətin məqamlarda «qəbuledilməz»” əvəzinə  «dayanıqsız»  mesajlarının nə məqsədlə ortaya atıldığını liderlik qətiyyəti ilə açıqladı: «Amma əvvəl dediyimə qayıdıram: heç vaxt təslim olmamaq və heç vaxt ərazi bütövlüyünün pozulması ilə barışmamaq.» Bu ədaləti əldə etmək üçün hər gün işləmək, hər gün qələbəyə yaxınlaşmaq lazımdır. Əgər son qərar səndən asılıdırsa, həyatını bu işə həsr etməlisən.  Ümidlər yalnız bu halda doğrula bilər: «Odur ki, əvvəldə dediyimə qayıdıram – heç vaxt təslim olmamaq!»

Xuraman İsmayılqızı, «İki sahil»