23 iyul 2025 21:35
145

Yerli QHT-lər üçün keçirilən silsilə təlimlər başa çatıb - FOTO

İyulun 23-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində yerli QHT-lərin BMT-yə inteqrasiyasına dəstək məqsədilə sonuncu – 12-ci təlim keçirilib.

Fonddan “İki sahil”ə bildirilib ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə BAMF tərəfindən icra olunan “Azərbaycan QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək” layihəsi çərçivəsində iyulun 1-dən keçirilən təlimlərdə ümumilikdə 26 QHT-dən 30-dan çox nümayəndə iştirak edib.

BMT-nin İqtisadi və Sosial şurasında (ECOSOC) yerli QHT-lərin təmsilçilik imkanlarının genişləndirilməsinə həsr olunan “BMT-də akkreditasiya və tədbirlərdə iştirak” adlı son təlim BMT və onun qurumları ilə çoxillik əməkdaşlıq təcrübəsinə sahib olan, sahə üzrə beynəlxalq ekspert-təlimçi Nik Nvolisa tərəfindən keçirilib.Təlimdə bir neçə QHT-nin ECOSOC-un elektron portalında qeydiyyatı da tamamlanıb. Bundan əlavə, layihənin davamında seçilmiş QHT-lərin sözügedən statusu əldə etmələri üçün müraciət prosesində də ECOSOC-da ən yüksək – əsas məşvərətçi statusa sahib olan BAMF tərəfindən dəstək göstəriləcək.

Sözügedən layihə çərçivəsində BMT-nin müqavilə və nizamnamə mexanizmləri üzrə 6 dərsdən ibarət ilk təlim proqramı insan hüquqları üzrə təlimçi-ekspert Sahib Məmmədov tərəfindən keçirilib.