Ankaranın Keçiören Rayon Bələdiyyəsinin ev sahibliyi ilə II Beynəlxalq Türk Dünyası Festivalı keçirilib.
Üç gün davam edən festival bələdiyyə binasının önündəki Qələbə (Kalaba) Şəhər Meydanında coşqulu finalla yekunlaşıb.
Beynəlxalq festivala Türk dünyası nümayəndələri ilə yanaşı, müxtəlif ölkələrdən çox sayda diplomat, səfir, eləcə də siyasi partiya təmsilçiləri, millət vəkilləri, ziyalılar, vətəndaş cəmiyyətinin üzvləri, Keçiörən rayon sakinləri və digər qonaqlar qatılıb.
Proqramda Türk dünyasından olan müxtəlif xalqların ənənəvi xalq rəqsləri və musiqiləri səsləndirilib.
Tədbirdə Azərbaycanı Türkiyədəki Səfirlik və onun nəzdindəki Mədəniyyət Mərkəzinin nümayəndələri, o cümlədən “Şuşa” musiqi qrupunun üzvlərindən ibarət 20 nəfərlik heyət təmsil edib.
Keçiören Bələdiyyəsinin sədri Dr.Məsud Özarslan çıxış edərək öncə Türkiyədəki meşə yanğınları ilə mübarizədə həyatını itirən şəhidləri yad edib.
O bildirib ki, festival yalnız şənlik xarakteri daşımır, həmçinin eyni mədəniyyəti, dili, adət-ənənələri daşıyan böyük türk millətinin birliyini, rəngarəngliyini təbliğ edir, tanıdır və bu qardaşlığı əbədi yaşatmağa xidmət edir:
"Ulu Öndərimiz Atatürkün Anadoluda alovlandırdığı istiqlal məşəli Keçiörəndə yolumuzu işıqlandırır.Türk milləti olaraq bizim mübarizəmiz insanlığı yaşatmaq üçündür. Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan, Krımdan Noqaylara, Kıbrıs Türk Cümhuriyyətindən Keçiörenə qədər burda əziz qardaşlarımız tarixin bizə əmanət etdiyi, atalarımızdan bizə miras qalan “birlik ruhu”nu gələcəyə daşıyır”.
Qeyd edək ki, Qələbə meydanında Türk dünyasından olan müxtəlif mədəniyyətlərin tanıtımı arasında Azərbaycana aid stend də yer alıb.
“Report”