Böyük Britaniya Ali Məhkəməsi onun sanksiya siyahısına salınmasına etiraz edən iş adamı Yevgeni Şvidlerin apellyasiya şikayətini rədd edib. Analoji qərar “Phi” yaxtasının həbsinə etiraz edən Sergey Naumenkonun apelyasiya şikayəti əsasında məhkəmə tərəfindən qəbul edilib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Ali Məhkəmə səs çoxluğu ilə Şvidlerin apellyasiya şikayətini rədd edir və "Dalston Projects"in apellyasiya şikayətini yekdilliklə rədd edir", - deyə, hakim Vivyen Rouz bildirib.
Yevgeni Şvidler Ufada anadan olub, 1991-ci ildə ABŞ-a mühacirət edib, ABŞ və Böyük Britaniya vətəndaşıdır. 2001-ci ildə Roman Abramoviçlə birlikdə Millhouse investisiya şirkətini yaradıb. 2010-cu ildə Şvidler Forbes reytinqinə daxil edilib, onun sərvəti 1,3 milyard dollar dəyərində qiymətləndirilib. 2022-ci ilin martında Britaniya hakimiyyəti onu Rusiya qoşunlarının Ukraynaya yeridilməsi ilə əlaqədar sanksiyalar siyahısına əlavə edib. 2023-cü ilin fevralında iş adamı sanksiyalara etiraz edib. Onun müdafiəsi iddia edib ki, Böyük Britaniya biznesmenin Abramoviçlə münasibətlərini qiymətləndirməkdə “əhəmiyyətli səhvlərə” yol verib. Elə həmin il məhdudlaşdırıcı tədbirlərin ləğvi tələbi ilə iddia qaldırılmışdı.