Oktyabrın 29-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-OPEC ölkələrinin yüksək səviyyəli komitəsinin iclası işə başlayıb.
İclasın əsas məqsədi neft hasilatının məhdudlaşdırılmasına dair OPEC ölkələri arasında bu ilin sentyabr ayında bağlanmış Əlcəzair sazişinin həyata keçirilməsinə dair qeyri-OPEC ölkələri ilə məsləhətləşmələrin aparılmasıdır.
Azərbaycanı iclasda energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. İclasa Azərbaycanla yanaşı, neft hasil edən qeyri-OPEC ölkələrindən Rusiya, Qazaxıstan, Bəhreyn, Boliviya, Braziliya, Bruney, Kanada, Misir, Kolumbiya, Norveç, Malayziya, Oman, Meksika, Trinidad və Tobaqo da dəvət edilib.
Bir gün əvvəl OPEC ölkələri hasilatın məhdudlaşdırılmasına dair toplantı keçirsələr də, bu iclasda yekdil qərar əldə edilməyib. İran və İraq tərəfindən hasilatın məhdudlaşdırılmasına etiraz iclasın konkret nəticə ilə yekunlaşmasına imkan verməyib. Ekspertlər noyabrın 25-də keçiriləcək növbəti toplantıda hasilatın həcmi ilə bağlı yekun qərarın veriləcəyini ehtimal edirlər. OPEC ölkələri nazirlərinin Zirvə görüşündən öncə keçiriləcək həmin toplantıda ölkələr üzrə fərdi kvotaların müəyyən ediləcəyi gözlənilir.
ABŞ Müdafiə Nazirliyinin saytında dərc olunan məlumatda Birləşmiş Ştatların 2016-cı ildə hərbi kəşfiyyata 17,7 milyard dollar vəsait xərclədiyi bildirilir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, nazirlik bu informasiyanın dərc olunmasının hərbi kəşfiyyat proqramı çərçivəsində hər hansı bir məxfi fəaliyyətə təhlükə yaratmadığı qənaətinə gəlib. Lakin Pentaqon hərbi kəşfiyyatın büdcəsi barədə digər məlumatların və proqrama aid təfərrüatların dərc olunmayacağını bildirib. Belə ki, onlar milli təhlükəsizlik baxımından məxfi informasiya sayılır.