Bakının Yasamal rayonu ərazisində yerləşən, keçmiş “Sovetski” adlanan ərazidə salınan Mərkəzi Parkın ərazisinin genişləndirilməsi nəzərdə tutulub.
“İki sahil” xəbər verir ki, parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Avstriyalı memar Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın salınmasında məqsəd Bakının simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətini müasir xidmətlərə uyğun təşkil etməkdir. Parkın ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da olub. Prezident İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı 2024-cü il noyabrın 7-də Mərkəzi Parkın üçüncü hissəsinin açılışında olub.
Mərkəzi Parkın üçüncü hissəsinin istifadəyə verilməsi ilə keçmiş “Sovetski” adlanan ərazidə salınan parkın ümumi sahəsi 35,4 hektara çatdırılıb və bura paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib. Layihəyə əsasən, ərazi yüksək səviyyədə abadlaşdırılıb, müasir tələblərə uyğun yeni infrastruktur yaradılıb, şəhər sakinləri və qonaqların səmərəli istirahəti üçün paytaxta xüsusi yaraşıq verən park ərsəyə gəlib.
Paytaxt sakinləri hesab edirlər ki, Mərkəzi Parkın ərazisinin növbəti dəfə genişləndirilməsi Bakını daha da gözəlləşdirəcək, onların istirahət imkanlarını genişləndirəcək.
Bakı sakini Günel Sadiqova bildirib ki, parkların ərazilərinin geniş olması arzuedilən haldır:”Bu parkı çox sevirəm, burada yaşıllıq var. Həm də təmizdir. Axşamlar ailəmizlə parka gəzintiyə çıxırıq. Geniş parklara ehtiyacımız var. Parklar nə qədər çox olsa, şəhər bir o qədər gözəl olar”. (AZƏRTAC)