Son günlərdə dünya KİV-ləri avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin tarixi görüşünü fəal şəkildə müzakirə edib. Görüş çərçivəsində Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına yönəlmiş sənədlər imzalanıb. Xarici KİV-lərin qiymətləndirmələrinə görə, bu sammit Cənubi Qafqazda çoxillik münaqişənin həllində mühüm addım olub, yeni nəqliyyat marşrutuna diqqəti cəlb edib və regionda Rusiyanın təsirinin azalması ilə bağlı müzakirələrə səbəb olub.
“Al Jazeera” vurğulayır ki, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqaz üçün dönüş nöqtəsidir. "Saziş təkcə onillər ərazində davam edən münaqişəyə son qoymur, həm də regional ticarət və əməkdaşlıq üçün yeni imkanlar açır. ABŞ-nin vasitəçi kimi iştirakı Vaşinqtonun ənənəvi olaraq Rusiyanın maraq zonası hesab edilən regionda möhkəmlənmək istəyini vurğulayır”, - nəşr qeyd edib.
CNN bu sazişə nail olunmasında Donald Trampın rolunu vurğulayır: "Tramp bu sazişi tarixi sənəd adlandırıb, həmçinin onu Nobel Sülh Mükafatına namizəd göstərməyi təklif edən hər iki ölkənin liderlərindən təriflər alıb".
“Deutsche Welle” (DW) regionun iqtisadi perspektivlərinə diqqət çəkərək qeyd edir ki, "Tramp Marşrutu" Çini, Mərkəzi Asiyanı və Avropanı Cənubi Qafqaz vasitəsilə birləşdirən daha geniş Orta Dəhlizin bir hissəsi olacaq. "Azərbaycan üçün bu, enerji və nəqliyyat qovşağı kimi ölkənin mövqeyinin gücləndirilməsi, Ermənistan üçün isə iqtisadi diversifikasiya və beynəlxalq ticarətə inteqrasiya şansı deməkdir", - DW bildirib. Nəşr həmçinin vurğulayıb ki, Rusiyanın imzalanma prosesində iştirak etməməsi onun Cənubi Qafqazdakı mövqeyinin əhəmiyyətli dərəcədə zəifləməsindən xəbər verir.
“The Times of India” qeyd edir ki, “Tramp Marşrutu”nun yaradılması təkcə Ermənistan və Azərbaycan arasında sülhə töhfə vermir, həm də Rusiya və İrandan yan keçən yeni ticarət yolları açır.
“The Financial Times” yazır ki, Zəngəzur dəhlizinin açılması beynəlxalq korporasiyalar üçün yeni imkanlar yaradır. "Münaqişə səbəbindən uzun müddət risk zonası hesab edilən Cənubi Qafqaz indi infrastruktur layihələri üçün cəlbedici bazar ola bilər", - qəzet qeyd edib.
“The Wall Street Journal” razılaşmaları Avropanın enerji təhlükəsizliyi prizmasından nəzərdən keçirir. "Tramp Marşrutu" Azərbaycanın Avropaya əsas qaz tədarükçüsü rolunu gücləndirir", - nəşr qeyd edir.
“The Japan Times” sammitin nəticələrinə ticarət yolları üzərində nəzarət uğrunda qlobal rəqabətin bir hissəsi kimi baxır. "Zəngəzur dəhlizi Çinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə rəqabət apara biləcək Orta Dəhlizin bir həlqəsi olacaq", - nəşr yazır. “The Japan Times” qeyd edir ki, Mərkəzi Asiyada infrastruktur layihələrinin iri investoru olan Yaponiya sazişi Cənubi Qafqazın inkişafında, xüsusilə yüksək sürətli dəmir yollarının tikintisində iştirak etmək imkanı kimi nəzərdən keçirir.
“The Sydney Morning Herald” nəqliyyat dəhlizinin inkişafı ilə bağlı ekoloji perspektivlərə toxunur: "Tramp Marşrutu"nun yaradılması regionda, xüsusilə nəqliyyat infrastrukturunda yaşıl texnologiyaların tətbiqinə kömək edə bilər”.
“Haaretz” sazişi regional təhlükəsizlik baxımından təhlil edərək, onun sərhədlərdə münaqişələrin gərginləşməsi ehtimalını azaltdığını vurğulayır. Nəşr həmçinin qeyd edir ki, Azərbaycanın müdafiə sahəsində tərəfdaşı olan İsrail sazişi alqışlayır və onun çərçivəsində kibertəhlükəsizlik və texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsini mükün sayır.