''Azneft'' İstehsalat Birliyi tərəfindən yataqların səmərəli işlənməsi, neft və qaz-kondensat hasilatı üzrə dövlət tapşırıqlarının yerinə yetirilməsi istiqamətində işlər uğurla davam etdirilir. "İki sahil" xəbər verir ki, “Azneft” İB istismar quyularının qazılmasıyla, eyni zamanda fəaliyyətsiz fondda olan quyuların təmir olunaraq istismara qaytarılmasıyla quyu şəbəkəsinin sıxlaşdırılması işlərinin həyata keçirilməsinə diqqəti getdikcə artırır. Bu günlərdə “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Neft Daşları” yatağında 2592 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. 2585 saylı stasionar dəniz özülündən qazılmış 2592 nömrəli quyu məhsuldar qat çöküntülərinin qirməki üstü qumlu lay dəstəsindən qalıq süzgəclər açıldıqdan sonra qazlift üsulu ilə məhsul vermişdir. Quyu 2440-2434 və 2432-2429 metr interval dərinliklərindən gündəlik 17 ton neft və 13 min kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilmişdir.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən həyata keçirilir.