01 noyabr 2016 22:17
411

Rövnəq Abdullayev Tümen vilayətinin qubernatoru ilə görüşüb

Tümen vilayəti Azərbaycan ilə neft-qaz sahəsindəki layihələrdə əməkdaşlıqda maraqlıdır

Noyabrın 1-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Rusiyanın Tümen vilayətinin qubernatoru Vladimir Yakuşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.Qonaqları səmimi salamlayan SOCAR prezidenti Azərbaycanın neft-qaz sənayesinin son illərdə əldə etdiyi nailiyyətlər, SOCAR tərəfindən regional və beynəlxalq miqyasda həyata keçirilən layihələr barədə qonaqlara ətraflı məlumat vermişdir. Azərbaycan və Tümen neftçiləri arasında dostluq əlaqələrinin böyük tarixi keçmişini vurğulayan Rövnəq Abdullayev əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu diqqətə çatdırmışdır. Səmimi qəbul üçün təşəkkür edən Vladimir Yakuşev Tümen vilayətinin neft-qaz sənayesinin inkişafında Azərbaycan neftçilərinin rolunu yüksək qiymətləndirmiş, vilayətdə zəngin neft-qaz yataqlarının Azərbaycanın görkəmli geoloqu Fərman Salmanov tərəfindən kəşf edildiyini bildirmişdir. Bakıda VII Azərbaycan-Rusiya Regionlararası Forumunda iştirak etdiklərini deyən Yakuşev Tümen vilayəti və Azərbaycan arasında əməkdaşlığı inkişaf etdirməkdə, xüsusilə neft-qaz, habelə polimer istehsalı sahəsində bir sıra layihələrdə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirmişdir. Sonra qubernatoru müşaiyət edən müəssisə rəhbərləri təmsil etdikləri strukturların fəaliyyəti ilə bağlı SOCAR rəhbərliyinə məlumat vermiş və birgə əməkdaşlıqdan məmnun olacaqlarını ifadə etmişlər. 

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılmışdır.