02 noyabr 2016 22:05
493

Heydər Əliyev adına NEZ-də ictimaiyyətlə görüş keçirilib

Noyabrın 2-də Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernizasiyası layihəsi çərçivəsində tikintisi nəzərdə tutulan bitum qurğusunun Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədi ilə əlaqədar ictimai dinləmələr keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Heydər Əliyev adına NEZ-in modernizasiya və yenidənqurma işləri üzrə direktor müavini Rasim İbrahimov müəssisədə həyata keçiriləcək modernizasiya və yenidənqurma işləri haqda ətraflı məlumat vermişdir. Sonra ƏMTQ sənədinin müxtəlif aspektləri barədə çıxışlar olmuşdur. Dinləmələr zamanı mütəxəssislər NEZ-də aparılan yenidənqurma və modernizasiya layihəsi çərçivəsində tikiləcək bitum qurğusunun inşası, onun məqsədi və istismarı dövründə ətraf mühitə potensial təsirlər və onların azaldılması tədbirləri, layihə alternativləri, layihə ərazisinin ilkin vəziyyəti və layihə ərazisində ətraf mühitin idarə edilməsi, eləcə də monitorinq barədə iştirakçılara ətraflı məlumat vermişlər. 

SOCAR, Heydər Əliyev adına NEZ, Nizami və Xətai rayon İcra Hakimiyyətləri və Bələdiyyələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin nümayəndələrinin iştirak etdiyi ictimai dinləmədə səslənən rəy və təkliflər müzakirə edilmiş, suallar cavablandırılmışdır.