KÖŞƏ

Taleh Turqut

“Oğru elə bağırdı ki...”:

04 noyabr 2016 23:44
452

Ermənilər Sarkisyanı oğru adlandırırlar

Serj Sarkisyanın soyğunçuluq siyasəti Ermənistanı fəlakətə sürükləməkdə davam edir. O, bu fəlakətlərdən sığortalanmaq məqsədilə hansı addımı atsa da, kosmetik islahatlar aparsa da getdikcə öz hakimiyyətini və dövləti batırmaqdadır.

Az da olsa, erməni xalqının ağlı kəsən nümayəndələri bu fəlakəti görürlər və Sarkisyana etirazlarını bildirirlər. Lakin yaradılan diktatura rejimi xalqın böyük əksəriyyətini təşkil edən narazıların səslərini çıxarmağa imkan vermir. Ancaq hər şeydən bezən narazılar etirazın ən son üsuluna-silahlı üsyana əl atmağa hazırlaşırlar.

Xatırladaq ki, bu ilin iyun ayında Ermənistanda radikal müxalifət qruplaşması kimi qəbul edilən “Təsisedici parlament” silahlı üsyana cəhd etmişdi. Bir neçə polis əməkdaşının öldürüldüyü həmin aksiya həftələrlə davam etdi və nəticəsiz, həm də günahkarların cəzalandırılmaması ilə başa çatdı. Lakin sözügedən qruplaşma yenidən aktivləşməyə başlayıb və açıq-aşkar hakimiyyətə qarşı silahlı üsyana hazırlaşdıqlarını bəyan ediblər.

 Bu günlərdə “Təsisedici parlament” hərəkatı və “Sasna tsrer” təşkilatının siyasi şurası Ermənistanda hakimiyyətin dəyişdirilməsi üçün hərəkətə keçdiklərini bəyan ediblər.  “Təsisedici parlament”in təmsilçisi Alek Yeniqomşuyan bildirib ki, bu plan ümumiyyətlə Ermənistanın yenidən qurulmasını nəzərdə tutur: “Müstəmləkədən qurtulma və suverenliyin bərpası, Qarabağın Ermənistanın “konstitusion” sərhədlərinə de-yure olaraq birləşdirilməsi və həyat qabiliyyətli dövlətin qurulması. Yalnız hakimiyyət devrildikdən sonra bu 3 məqsədin gerçəkləşməsi halında biz yeni, milli erməni respublikasına malik olduğumuzu söyləyə bilərik”.

Onlar hesab edirlər ki, Sarkisyan iqtidarı dövlətin və xalqın maraqlarının əleyhinə hərəkət etdiyinə görə Ermənistanda hakimiyyətin dəyişdirilməsi zəruridir. A. Yeniqomşuyan bu səbəbdən vətəndaş itaətsizliyi aksiyaları keçirəcəklərini qeyd edib. Ən əsası odur ki, onun sözlərinə görə, hakimiyyət güc tətbiq edərsə, onlar da eyni üsulla cavab verəcəklər. Çünki radikal qruplaşma hesab edir ki, Ermənistanda demokratik yolla hakimiyyətin dəyişdirilməsi mümkün deyil. 

Qəribə olanı odur ki, onlar bu fikirləri keçirdikləri mətbuat konfransında açıq şəkildə jurnalistlərə bildiriblər və dövlət qurumları tərəfindən hələlik heç bir reaksiya verilməyib. Yalnız hakim Respublika Partiyasının parlament fraksiyasının katibi Qaqik Məlikyan bildirib ki, bu adamlar xalis terrorçulardır. Lakin hakimiyyət terrorçu adlandırdığı qrupa qarşı heç bir tədbir görmür. Bu, görünür, həm də onunla bağlıdır ki, terrorçuluq Ermənistan dövlətinin mahiyyətində mövcuddur və onlar bunu təbii qarşılayırlar...

Ölkədə siyasi vəziyyətin gərgin olduğunu yerli mətbuatın səhifələrindəki materiallardan da açıq görmək mümkündür. Erməni müəllif K. Ambartsum yazır ki, Sarkisyan hamı tərəfindən oğru kimi tanındığı halda, başqalarını oğurluqla mübarizəyə çağırır: “Nəticədə biz aprel hadisələri ilə üzləşdik. Yalnız bu məğlubiyyətdən sonra, hər şeyi öz adı ilə demək lazımdır, adamlar onun istefasını daha sərt tələb etməyə başladılar. Ona görə ki, apreldə ərazi itirmişdik və böyük sayda cavan uşaqlar ölmüşdülər. Onları Serj Sarkisyanın satqınlığı, zəifliyi və riyakarlığı səbəbindən öldürüblər”.

Müəllif bildirir ki, əgər bir gün Sarkisyan ölkədən qaçıb gedərsə, buna təəccüblənmək olmaz.

Qeyd edək ki, S. Sarkisyanın yarıtmaz siyasəti ölkəni uçuruma sürükləyir. Son hesablamalara görə, 1990-cı ildən bəri Ermənistanın əhalisi artmaq əvəzinə 600 min nəfərdən çox azalıb. Bu, ölkədəki ağır sosial-iqtisadi vəziyyətlə sıx bağlıdır. İndi Ermənistan bataqlıqda çabaldıqca batan adama bənzəyir...