02 oktyabr 2025 11:20
108

Azərbaycan Beynəlxalq Maliyyə İstehlakçılarının Müdafiəsi Təşkilatına üzv olub

Azərbaycan Mərkəzi Bankı (AMB) beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və maliyyə bazarlarında istehlakçıların müdafiəsi üzrə qabaqcıl təcrübələrin tətbiqi çərçivəsində Beynəlxalq Maliyyə İstehlakçılarının Müdafiəsi Təşkilatına ("FinCoNet") tamhüquqlu üzv olub.

"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, üzvlük çərçivəsində qurum təşkilatın məsuliyyətli kreditləşmə, rəqəmsal maliyyə xidmətlərində istehlakçıların müdafiəsi, bazar davranışına nəzarət və risklərin qiymətləndirilməsi üzrə işçi qruplarında iştirak etmək hüququ qazanıb. Bundan əlavə, bu üzvlük beynəlxalq səviyyədə qəbul olunan siyasət sənədlərinin hazırlanması prosesinə cəlb olunmaq, həmçinin mövcud siyasət sənədləri və tədqiqat bazasına çıxış əldə etmək imkanı verir.

AMB "FinCoNet" üzvü kimi maliyyə istehlakçılarının müdafiəsi və bazar davranışının tənzimlənməsi üzrə qabaqcıl təcrübələri öyrənə, beynəlxalq səviyyədə qəbul edilmiş təcrübə və yanaşmalarla tanış ola, həmçinin təşkilatın gündəliyinin müəyyən edilməsində iştirak edərək prioritet istiqamətlərin formalaşdırılmasına töhfə verə biləcək.

2013-cü ildə təsis edilmiş "FinCoNet" maliyyə bazarlarının davranışına və maliyyə istehlakçılarının müdafiəsinə cavabdeh nəzarət orqanlarının beynəlxalq təşkilatıdır. Bu qurumun əsas məqsədi istehlakçıların maraqlarının qorunmasını təmin edən səmərəli və effektiv nəzarət mexanizmlərinin təşviq edilməsi, ədalətli və şəffaf bazar təcrübələrinin inkişaf etdirilməsi, həmçinin üzv qurumlar arasında ən yaxşı təcrübələrin paylaşılmasıdır.