02 oktyabr 2025 13:01
126

Bakı Təşəbbüs Qrupu beynəlxalq uğura imza atıb

Bakı Təşəbbüs Qrupu (BTQ) daha bir mühüm uğur qazanıb. Belə ki, qurumun hazırladığı hesabat BMT Baş katibinin 2025-ci il üzrə təqdim etdiyi “Afrikamənşəli insanların beynəlxalq ikinci onilliyinin həyata keçirilməsi üzrə fəaliyyət proqramı”na dair hesabatda öz əksini tapıb.

“İki sahil” xəbər verir ki,  Bakı Təşəbbüs Qrupundan verilən məlumata görə, sənəddə BTQ dekolonizasiya və kiçik adalarda yaşayan xalqların müstəqilliyi istiqamətində fəaliyyət göstərən qlobal vətəndaş cəmiyyətləri arasında yeganə QHT kimi qeyd olunub.

Xatırladaq ki, cari ilin mayında BTQ “Afrikamənşəli insanların beynəlxalq ikinci onilliyi” çərçivəsində gördüyü işlər barədə hesabatı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına təqdim etmişdi. Baş katibin hesabatında təşkilata istinad edilməsi BTQ-nin beynəlxalq etimada malik tərəfdaş kimi tanındığını və kolonializmə məruz qalan xalqların səsini dünyaya çatdırmaqda mühüm platforma rolunu oynadığını bir daha təsdiqləyir.

BTQ-nin hesabatında əksini tapan fəaliyyətlər sırasında 2025-ci il yanvarın 21-də keçirilmiş “Reyunyon adasının müstəqilliyi: Fransanın müstəmləkə irsinin yenidən qiymətləndirilməsi və suverenliyə gedən yol” adlı beynəlxalq konfrans, fevralın 24-26-da Fransa və Niderland müstəmləkələrində çalışan jurnalistlərin iştirakı ilə təşkil olunmuş Beynəlxalq Mediatur, eləcə də aprelin 15-də BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilmiş “Dekolonizasiya: Səssiz İnqilab” adlı beynəlxalq konfrans yer alıb.

Qeyd edək ki, sonuncu tədbir BMT-nin Afrikamənşəli İnsanların Daimi Forumunun dördüncü sessiyasının rəsmi yan tədbiri kimi qeydiyyatdan keçib.

Bu beynəlxalq tədbirlər BTQ-nin dekolonizasiya və insan hüquqları sahəsindəki fəaliyyətlərinin geniş ictimaiyyətə təqdim olunmasına mühüm töhfə verib. Təşkilatın icraçı direktoru Abbas Abbasov və müstəmləkə altında olan ərazilərin nümayəndələri BMT Baş Assambleyasında Afrikamənşəli İnsanların Daimi Forumunun dördüncü sessiyasında çıxış ediblər.

Bundan başqa, BTQ “Afrikamənşəli insanların beynəlxalq ikinci onilliyi”nə töhfə kimi “Reparasiya: Müstəmləkə irsi ilə üzləşmə” adlı müraciəti qəbul edib və kolonial zülmün tanınması, reparasiya tələbləri ilə bağlı beynəlxalq petisiya başladıb. Sənəddə keçmiş müstəmləkəçi dövlətlərin tarixi cinayətlərə görə məsuliyyətdən yayınması kəskin şəkildə qınanıb, reparasiyaların isə yalnız hüquqi deyil, həm də ədalət və insan ləyaqətinin bərpasına əsaslanan mənəvi öhdəlik olduğu vurğulanıb.