10 noyabr 2016 19:32
317

Daha iki yaşayış məntəqəyə ilk dəfə təbii qaz verilib

Şəki və Göyçay rayonlarının daha iki yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilmişdir

Noyabrin 10-da Şəki rayonunun Cumakənd və Göyçay rayonunun Bəydövül kəndlərinə təbii qazın verilişi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətləri və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Bildirilmişdir ki, Şəki rayonunun 500 abonenti olan Cumakənd kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 33890 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır. 

Göyçay rayonunun 298 abonenti olan Bəydövül kəndinin yenidən qazlaşdırılması üçün birpilləli sistem əsasında 27023 metrlik polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 298 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. 

Tədbirdə çıxış edən kənd sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.