İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən 8 oktyabrda növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür
İkinci Qarabağ müharibəsinin gedişində məğlubiyyətini anlayan və aciz duruma düşən Ermənistanın hərbi-siyasi rəhbərliyi mülki insanları məqsədli şəkildə hədəf almaqla müharibə və insanlıq əleyhinə növbəti cinayətlərə imza atırdı. Eyni zamanda, qarşı tərəfin məqsədi panika və qorxu yaratmaq, Azərbaycanı cavab addımı ilə təxribatlara çəkmək idi. Ermənistan ordusu müharibə bölgəsindən uzaqda yerləşən yaşayış məskənlərini, dinc insanları hədəf almaqla Azərbaycan tərəfini Ermənistan ərazisinə, mülki əhalinin yaşadığı yerlərə atəş açmağa təşviq edirdi. Bununla da üçüncü qüvvələri müharibəyə cəlb etməyə, beynəlxalq səviyyədə əleyhimizə təbliğatı genişləndirməyə çalışırdı. Amma heç birinə nail ola bilmədilər. Çünki Azərbaycan bütün beynəlxalq konvensiyalara, qanunlara uyğun müharibə aparırdı, dinc insanları heç bir halda hədəf seçməmişdi. Azərbaycan Silahlı Qüvvələri bölmələrinin əks-hücum həmlələrinə tab gətirməyərək silah-sursatlarını da döyüş meydanında ataraq qaçan erməni silahlıları Bərdə, Gəncə və Tərtər şəhərlərində mülki əhalini bir neçə dəfə hədəfə aldılar. Ermənistan ordusu beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, eləcə də oktyabrın 10-da elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirirdi.
Bərdə terroru da öz miqyası və ağrı-acısı ilə dəhşətli idi. İlk faciə 5 oktyabr tarixində yaşandı. Bərdə şəhərinin mərkəzi küçələrinə və mərkəzi xəstəxananın yaxınlığına düşmüş raket mərmisinin qəlpələrindən 2 nəfər həlak oldu, 6 nəfər yaralandı, mülki infrastruktura külli miqdarda ziyan dəydi. Təcavüzkar dövlət tərəfindən 2020-ci il oktyabrın 8-də Bərdəyə ikinci raket hücumu edildi, nəticədə 8 nəfər dinc sakin müxtəlif dərəcəli xəsarət aldı. Ümumilikdə, 2020-ci ilin 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə 70-dən çox müxtəlif təyinatlı raket, atılmışdır. Bunlardan “Elburus”, “Qrad” və çoxsaylı ballistik raketləri göstərmək olar. Terror aktları nəticəsində ümumilikdə 29 nəfər həlak olmuş, 108 nəfər yaralanmışdır. Təkcə oktyabrın 28-də saat 13 radələrində Ermənistanın silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik "claster" tipli 2 ədəd raket zərbəsi endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak oldu, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Azərbaycan Prezidenti İlham Əliyev özünün rəsmi “Tviter” (indiki X) səhifəsində etdiyi paylaşımda bildirmişdi: "Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm. Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək". Birinci vitse-prezident Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Bərdəyə növbəti dəfə raket hücumu ilə əlaqədar rəsmi “İnstaqram” səhifəsindəki paylaşımında qeyd etmişdir: "… Azərbaycanın dinc mülki əhalisinə hər hücum Ermənistanın ağlını itirmiş hərbi-siyasi rəhbərliyinin total mənəvi tənəzzülünə dəlalət edir. Bu hücumların məqsədi aydındır - Azərbaycan xalqını qorxutmaq və bizim ordumuzu Ermənistan ərazisinə cavab zərbəsi endirməyə məcbur etmək. Bu, üçüncü tərəfləri münaqişəyə cəlb etməyə imkan verərdi. Lakin düşmənimiz bilməlidir ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Hər hücum bizi daha da güclü edir və işğal olunmuş ərazilərimizin erməni təcavüzkarlardan azad edilməsi kimi müqəddəs missiyanı başa çatdırmağın zəruri olmasına inandırır. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmalarını arzulayıram. Azərbaycan Ordusu düşməni döyüş meydanında sıxışdırdığı bu günlərdə biz həmrəyliyimizi qoruyub saxlamalı və Prezidentimizin ətrafında möhkəm birləşməliyik. Yalnız möhkəm yumruq kimi birləşməklə ədalətin zəfər çalmasına nail olacağıq, ona görə ki, Qarabağ Azərbaycandır! Uca Tanrı Vətənimizi və Azərbaycan xalqını qorusun!"
Xatırladaq ki, bir gün əvvəl - oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndi raket atəşinə tutulmuşdu. Beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə olunmaqla zərbələr endirilməsi nəticəsində aralarında uşaq və qadınlar da olmaqla 5 dinc sakin həlak olmuş, 14 mülki şəxs yaralanmışdı.
Ermənistan müharibənin gedişində təkcə Bərdəni deyil, döyüş bölgələrindən kənarda yerləşən Gəncə, Mingəçevir şəhərlərini, digər yaşayış məntəqələrimizi də mütəmadi olaraq raket atəşinə tutaraq mülki əhaliyə qarşı müharibə cinayətləri törətmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da humanitar atəşkəs razılaşması əldə olunmasına baxmayaraq Ermənistan ilk günlərdən həmin razılaşmanı kobud şəkildə pozdu. Ümumilikdə qırx dörd günlük Vətən müharibəsi dövründə erməni hərbçiləri təkcə Bərdə və Gəncəni deyil, eyni zamanda, Yevlax, Beyləqan, Ağdam, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Xızı və digər şəhər və rayonlarımızı ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutublar. Bu hərbi təcavüzlər nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla, 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 min 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib.
Bu cinayətlər həm də onu göstərdi ki, Birinci Qarabağ müharibəsində mülki insanlarımıza görünməmiş qəddarlıqla qətlə yetirən, işgəncələr verən, Xocalı soyqırımını törədən Ermənistanın terrorçu, cinayətkar xisləti dəyişməmişdir. Ermənilərin törətdikləri bu terror əməllərinin nəticələrini müşahidə etmək üçün hadisə yerinə gələn diplomatların münaqişənin əsl mahiyyəti ilə bağlı suallara cavab veriləcəyi bildirilsə də, uzun illər ərzində həqiqəti eşitmək istəməyən, reallığı təhrif edənlər yenə də susmağa üstünlük verdilər. Lakin Azərbaycanın 44 gündük Vətən müharibəsində tarixi Qələbəsi bu dövlətlərə, beynəlxalq təşkilatlara da ciddi mesaj verdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edib işğala son qoyan, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən ordumuz şəhidlərimizin, həlak olan mülki əhalinin qisasını döyüş meydanında aldı. 44 günlük Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-da Qarabağda başlayan bir günlük lokal xarakterli antiterror tədbirləri Azərbaycan dövlətinin, xalqının gücünü, əzmini, döyüş ruhunu bir daha dünyaya nümayiş etdirdi. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, rəşadətli ordumuzun qüdrəti, birliyimiz, həmrəyliyimiz işğal altında olan bütün torpaqlarımızda Azərbaycanın üçrəngli Bayrağının dalğalanması ilə nəticələndi.
Sevinc Azadi, “İki sahil”