SOCAR Rumıniyada keçirilən Neft və Qaz sərgi-konfransında iştirak etmişdir
Noyabrın 9-10-da Buxarestdə “Neft sənayesi icmalı” jurnalı və “Rumıniya Neft Klubu”nun təşkilatçılığı ilə “Rumıniya Neft və Qaz sərgi və konfransı-2016” keçirilmişdir. SOCAR-ın bu ölkədəki “SOCAR Petroleum SA” şirkətinin də iştirak etdiyi tədbirə Rumıniyanın dövlət və hökümət nümayəndələri, neft-qaz sənayesi sahəsində bu ölkədə fəaliyyət göstərən aparıcı xarici şirkətlərin rəhbərləri, iş adamları, enerji sahəsində çalışan mütəxəssis və ekspertlər qatılmışlar.
“SOCAR Petroleum SA” şirkətinin baş direktoru Həmzə Kərimov Azərbaycanın zəngin neft tarixi və neft strategiyası barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, ölkəmizin Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş rolunu oynadığını vurğulayaraq, TANAP və TAP layihələrinin Avropanın enerji xəritəsini dəyişəcəyini qeyd etmişdir. Bildirilmişdir ki, SOCAR artıq dünyada tanınan bir brend kimi beynəlxalq enerji bazarında aparıcı rol oynayır. Regionda bir sıra iri layihələrə imza atmış SOCAR-ın Rumıniyadakı fəaliyyəti barədə də tədbir iştirakçılarına məlumat verilmiş, paytaxt Buxarest də daxil olmaqla bu ölkənin 17 regionunda SOCAR brendi ilə 34 yanacaqdoldurma məntəqəsinin fəaliyyət göstərdiyi qeyd olunmuşdur. Bildirilmişdir ki, şirkət qısa zamanda Rumıniyanın enerji bazarının 10 faizinə sahib olmağı planlaşdırır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.