11 noyabr 2016 14:31
617

“Azneft”də mülki müdafiə məşqi keçirilib

“Azneft” İstehsalat Birliyində sağlam və təhlükəsiz əmək şəraitinin təmini və gələcəkdə onun yaxşılaşdırılması məqsədyönlü, planlı surətdə həyata keçirilir.

Əməyin təhlükəsizliyini təmin etmək üçün istehsal sahələrinin müasir tələblər səviyyəsində yenidən qurulması, işçilərin hazırlıq vəziyyətinin yoxlanılması və təhlükəsizlik tədbirlərin gücləndirilməsi məqsədilə, baş verə biləcək qəzaların ləğvi üzrə struktur təşkilatların potensial təhlükəli obyektlərində dövlət orqanlarının iştirakı ilə mütəmadi olaraq təlim-məşqlər keçirilir. Bu təlimlərdə işçilərin təxliyyə olunması üzrə təlimlər planlı şəkildə təşkil olunur.

Bu qəbildən, “Azneft” İstehsalat Birliyinin 2016-cı il üçün mülki müdafiə üzrə tədbirlər planı çərçivəsində Birliyin strukturuna daxil olan Qaz Anbarlarının İstismarı İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılmasında mülki müdafiə orqan və qüvvələrinin idarə olunması” mövzusunda “mülki müdafiə məşqi” keçirilib.

Tədbirdə “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov, Birliyin Əməyin mühafizəsi üzrə Baş direktorunun müavini Cəlair Səmədov, eyni zamanda “Azneft” İstehsalat Birliyinin müvafiq şöbələrinin nümayəndələri, eləcə də Fövqəladə Hallar Nazirliyinin nümayəndələri iştirak ediblər.

Məşqə aidiyyəti heyət, fövqəladə hallar komissiyası, ilkin qəza-xilasetmə qüvvələri, eləcə də Qaradağ rayon Yanğından mühafizə hissəsinin və Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qüvvələri cəlb ediliblər.

Məşqin keçirilməsində əsas məqsəd, baş verə biləcək istehsalat qəzaları və digər fövqəladə hadisələr zamanı işçilərin mühafizəsinin təmin edilməsi, ilkin qəza-xilasetmə qüvvələrinin hadisələrin qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsinin və cəlb edilən rayon qüvvələri arasında qarşılıqlı fəaliyyətinin, eləcə də rəhbərlik tərəfindən idarəetmənin təşkilinin yoxlanılması olub.

Tədbirdə, fövqəladə hadisələr zamanı verilən məlumatlar əsasında işçilərin təhlükəli  ərazidən təxliyə edilməsi, qəza yerində kəşfiyyatın təşkili, xəsarət alanların qəza zonasından çıxarılması və onlara ilkin tibbi yardımın göstərilməsi, eləcə də baş vermiş yanğının söndürülməsi zamanı obyekt qüvvələri ilə FHN Yanğından Mühafizə Hissəsinin qüvvələri arasında qarşılıqlı fəaliyyət yüksək səviyyədə təşkil edilib.

Sonda “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə məşqin yekunu keçirilmiş və aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə müvafiq tövsiyə və tapşırıqlar verilib.

Nail Rəhimzadə, “İki sahil”