14 oktyabr 2025 10:25
118

Azərbaycan xalqı Füzuli Şəhər Gününü qürur və sevinclə qarşılayır

Bu, rayon uğrunda savaş Vətən müharibəsinin həlledici döyüşlərindən biri idi

Vətən müharibəsinin 21-ci günü – 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur. Füzuli uğrunda gedən döyüşlər İkinci Qarabağ müharibəsinin cənub-şərq cəbhəsində ən mühüm döyüşlərindən biri idi. Döyüşlərin ilk saatlarından Füzulinin təmas xəttindəki bir neçə müdafiə xəttinin yarılması nəticəsində ordumuz strateji üstünlüklər qazandı. Məhz uğurlu Füzuli əməliyyatı ilə həm də Cəbrayıl və Xocavənd rayonlarının da bir sıra yaşayış məntəqələri Azərbaycan Ordusu tərəfindən azad edildi.

Xüsusi vurğulamaq lazımdır ki, Füzuli uğrunda savaş ən ağır döyüşlərdən idi. Füzuli şəhərinin azad olunmasının əməliyyat planı özünəməxsusluğu ilə diqqət çəkirdi. Belə ki, ordumuz düşmənin gözləmədiyi yerdən, tam fərqli istiqamətdən şəhərə daxil oldu. Bunu xarici hərbi ekspertlər də mükəmməl taktiki hücum hesab edirdilər. Belə ki, 30 il ərzində düşmən cəbhənin bu istiqamətində möhkəm istehkamlar qurmuşdu. Hətta buna görə bir çoxları Füzulini işğaldan azad etmək üçün uzun müddət lazım olacağını düşünürdü. Lakin Azərbaycan əsgəri Vətən torpaqları naminə bütün maneələri ildırım sürəti ilə keçməklə düşməni darmadağın etdi.

Döyüşlərin ilk günlərində düşmənin ən çox möhkəmləndiyi Füzuli şəhərini azad etmək məqsədilə ərazini mühasirəyə almaq və onları yerində məhv etmək üçün xüsusi plan hazırlandı. Strateji yüksəkliklər, düşmənin möhkəmləndiyi ərazilər qəhrəman oğullarımızın şücaəti sayəsində azad olundu. Davam edən uğurlu hərbi əməliyyatlar və Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində oktyabrın 3-də cəbhənin cənub-şərq istiqamətində Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı, Tərtərin Suqovuşan və Talış kəndləri düşməndən təmizləndi.

Az müddət sonra isə Cəbrayıl şəhəri, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Dəjəl, Karxulu, oktyabrın 5-də isə Şıxalıağalı, Sarıcallı və Mərəzə kəndləri azadlığa qovuşdu. Erməni hərbçilərinin Füzulidəki təminat yollarını sıradan çıxarmağın artıq vaxtı çatmışdı. Oktyabrın 9-da Azərbaycan Ordusunun yüksək dəqiqliklə apardığı hərbi əməliyyatlar nəticəsində Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi, Füzulinin Yuxarı Güzlək, Gorazıllı, Cəbrayılın Qaracallı, Əfəndilər və Süleymanlı kəndlərinin azad edilməsi düşmən arxasına keçməyə əlverişli şərait yaratdı. Düşmən təlaşla arxadan dəstək gözləyirdi. Oktyabrın 14-də isə əlverişli yüksəkliklər və mövqelər – Füzuli rayonunun Qarakollu, Xatınbulaq, Qaradağlı kəndləri, Xocavəndin Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü və Tağaser kəndləri azad olundu. Növbəti gün aparılan hərbi əməliyyatlar zamanı Xocavəndin Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri, Füzulinin Arış, Cəbrayılın Doşulu kəndləri düşmən tapdağından xilas edildi.

Əvvəlcə Xocavəndin Xırmancıq, Ağbulaq, Axullu kəndləri Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi və Füzuli şəhəri mühasirəyə alındı. Nəhayət, oktyabrın 16-dan 17-nə keçən gecə şəhərin azad olunması əməliyyatını yerinə yetirmək vaxtı çatdı. Azərbaycan Ordusu bu istiqamətdə yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirdi. Əsgərlərimiz qarşıya qoyulan əməliyyat planını uğurla yekunlaşdırdılar – Füzuli şəhəri, Qoçəhmədli, Cuvarlı, Pirəhmədli, Musabəyli, Çimən, İşıqlı və Dədəli kəndləri azadlığa qovuşdu. Bu tarixi qələbə 44 günlük şanlı Vətən savaşının gedişatında həlledici mərhələlərdən biri oldu. Qeyd edək ki, 2020-ci il noyabrın 26-da Füzulinin azad olunmasına görə» medalı təsis olundu. Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Silahlı Qüvvələrinin minlərlə hərbi qulluqçusu bu medalla təltif edildi.

Məlumdur ki, işğaldan əvvəl Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin ərazi olub. Düşmən rayonun tarixi-mədəniyyət abidələrinin bir hissəsini vandalcasına dağıdıb. Bu gün Füzuli rayonu və onun yaşayış məntəqələri yenidən qurulur, tarixi abidələri bərpa olunur. Eyni zamanda, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş, 2022-2026-cı illəri əhatə edən «Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Böyük Qayıdışa dair I Dövlət Proqramı» böyük uğurla həyata keçirilir.

Postmüharibə dövründə, rayon ərazisində çox sayda bağça, məktəb, xəstəxana tikilib, müxtəlif rahat yollar, yaraşıqlı parklar salınıb, yaşayış kompleksləri ucaldılıb. Bu istiqamətdə layihələrin icrası davam etdirilir. Füzuli rayonu sakinlərinin bir hissəsi doğma yurd yerlərinə artıq qayıdıb. Artıq dörd ildir ki, Füzulidə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. Şəhərdə aparılan böyük quruculuq işləri sayəsində indiyədək 823 ailə, 3 min 136 sakin öz ata-baba yurduna qayıdaraq orada yaşamağa başlayıb.

Qeyd edək ki, dövlətimizin başçısı Füzuli şəhəri və rayon kəndləri azad olduqdan ora bir neçə dəfə səfər edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il oktyabrın 17-də Füzuli Şəhəri Günündə şəhərə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Füzulidə aparılan böyük quruculuq işlərini vurğulayaraq deyib: «Füzuli indi tamamilə yenidən qurulur. Dünən burada olarkən bir neçə önəmli obyektin təməlini qoyduq. İki kəndin, uşaq bağçasının, idman kompleksinin, yeni yaşayış məhəllələrinin, inzibati mərkəzin təməli qoyuldu. Yəni, aylar keçdikcə burada yaşayanların sayı da təbii ki, artacaq… Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq».

Ötən il Azərbaycanda səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Prezidenti Sadır Japarov və Belarus Prezidenti Aleksandr Lukaşenko da Füzuli rayonunda olublar. Dövlət başçıları martın 12-də Füzuli şəhərinin Baş planı və Füzuli Mərkəzi Rayon Xəstəxanasının layihəsi ilə tanış olub, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər. Qırğız Prezidenti və Azərbaycan Prezidenti aprelin 25-də Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar. Belarus və Azərbaycan prezidentlərinin mayın 17-də rayona səfərləri zamanı cəmi 9 ayda inşa edilən Füzuli Beynəlxalq Hava Limanı barədə ali qonağa məlumat verildi. Hər iki Prezident Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Qeyd edək ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək «Ağıllı şəhər» konsepsiyası irəli sürülüb. Şəhərdə orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri yaradılacaq.

Bəli, bir vaxtlar Azərbaycanın dilbər guşələrindən olan Füzulinin işğal gününü kədərlə qeyd edirdiksə artıq 5 ildir ki, işğaldan azad olunan rayonun sevincini yaşayırıq. Eyni zamanda, burada aparılan geniş tikinti-quruculuq işlərindən qürur duyuruq. Bu, bir daha göstərir ki, Azərbaycan xalqı ermənilərdən fərqli olaraq qurucu, yaradıcı və ədalətəli xalqdır.

Elçin Zaman, «İki sahil»