Avropa Komissiyası 2028–2034-cü illəri əhatə edən növbəti yeddiillik büdcə planı çərçivəsində Avropa İttifaqının (Aİ) hərbi xərclərini beş dəfədən çox artırmağı planlaşdırır.
“İki sahil” xəbər verir ki, Avropa İttifaqının müdafiə məsələləri üzrə komissarı Andryus Kubilyus bu barədə Brüsseldə keçirilən təhlükəsizlik konfransında çıxışı zamanı deyib.
“Avropa Komissiyası Aİ-nin yeni yeddiillik büdcəsində hərbi və kosmik məqsədlər üçün 131 milyard avronun ayrılmasını təklif edib ki, bu da əvvəlki dövrlə müqayisədə (25,5 milyard avro) beş dəfə çoxdur”, – deyə Andryus Kubilyus bildirib.
Yeni büdcə planı 2026-cı ilin sonunadək Avropa İttifaqının bütün ölkələri tərəfindən təsdiqlənməlidir. Bununla belə, sənədin qəbulunda ciddi maneələrin yaranacağı gözlənilmir.
Andryus Kubilyusun sözlərinə görə, ittifaqa üzv bütün dövlətlər 2028-ci ilədək hərbi xərclərini ümumdaxili məhsullarının azı üç faizinə çatdırsalar, Aİ ölkələrinin 2028–2035-ci illər üçün hərbi xərcləri 4,2 trilyon avroya çata bilər.