14 oktyabr 2025 17:48
127

ABŞ 50-dən çox meksikalı siyasətçinin vizasını ləğv edib

ABŞ hökuməti Meksikada 50-dən çox siyasətçi və dövlət məmurunun vizasını ləğv edib. Bu addım Donald Tramp administrasiyasının narkokartellərə və onların ehtimal olunan siyasi tərəfdaşlarına qarşı sərtləşdirilmiş tədbirləri fonunda atılıb.

“İki sahil” xəbər verir ki, qərar ABŞ-a mütəmadi səfər edən və bu səbəbdən vizadan asılı olan Meksika siyasi elitası arasında səssiz şok effekti yaradıb. “Reuters” agentliyinin məlumatına görə, bu, həm də ABŞ-ın narkotiklərlə mübarizə tədbirlərinin əhəmiyyətli dərəcədə genişlənməsini göstərir, çünki Tramp administrasiyası adətən diplomatik baxımdan “toxunulmaz” hesab edilən vəzifədə olan siyasətçiləri hədəfə alıb.

ABŞ hökuməti, həmçinin Latın Amerikasının digər ölkələrində də bəzi siyasi və ideoloji rəqiblərinin vizalarını ləğv edib.

Məsələn, Braziliyada 20-dən çox ali məhkəmə hakimi və yüksəkvəzifəli məmur, Kosta-Rikada isə azı 14 siyasətçi və biznes rəhbəri, o cümlədən ölkənin sabiq Prezidenti və Nobel Sülh Mükafatı laureatı Oskar Arias vizasız qalıb. Sosial şəbəkələrdə Trampı tənqid edən Arias ona vizanın ləğv edilməsinin səbəbi barədə məlumat verilmədiyini bildirib.

Meksikada vizaların kütləvi şəkildə geri çağırılması, xüsusilə bu adımın Prezident Klaudiya Şeynbaumun rəhbərlik etdiyi “Morena” partiyasının üzvlərinə şamil olunması iki ölkə arasındakı onsuz da mürəkkəb münasibətləri daha da gərginləşdirə bilər.

Mühüm ticarət və təhlükəsizlik danışıqları fonunda Klaudiya Şeynbaum kartellərlə mübarizə sahəsində ABŞ-la yaxın əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.