Bu – hər bir azərbaycanlının müasir tariximizdə qüdrətli dövlətin vətəndaşları olduğunun bariz göstəricisidir. Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin dediyi kimi, əldə etdiyimiz uğurları Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə və Azərbaycan övladları, qüdrətli Ordumuzun əsgərləri, qəhrəman igidlərimizə borcludur.
İki il bundan öncə 15 oktyabr tarixində Prezident İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırdıqdan sonra doğma xalqımıza müraciəti, “Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi” sözləri 22 il əvvəl Azərbaycan vətəndaşlarının nə dərəcədə müdrik qərar verdiyini bir daha ortaya qoydu.
Həmin müraciət, eyni zamanda gündən-günə cənnətə çevrilən doğma Qarabağımızın hər bir şəhər, rayon və kəndinin daha da çiçəklənəcəyini, Azərbaycanın suverenliyinin tam təmin olunmasını nəinki xalqımıza, eləcə də bütün dünyaya bildirdi.
Qarabağa səfəri çərçivəsində Prezident İlham Əliyevin Sərsəng su anbarının ərazisində, Ağdərə, Xocalı, Xocavənd və Xankəndi şəhərlərində Dövlət Bayrağımızı ucaltdması o torpaqlarda Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının, Ali Baş Komandanın əmrlərinin, həmçinin Azərbaycanın ərazi vahidi olaraq bütün hüquq və normalarına uyğun idarəçiliyin təkmilləşməsinə şərait yaratdı, habelə Cənubi Qafqazda beynəlxalq hüquq və prinsiplərə əsaslanan, ədalətli, uzunmüddətli sülh müqaviləsinin imzalanmasına təkan verdi. Bu, doğrudan da, Azərbaycan xalqının, bütün azərbaycanlıların həyatlarında yaşadıqları ən sevincli, ən qürurlu anlardan oldu.
Həmin anları bizə qürurla yaşadan bir digər məqam isə, əlbəttə ki, bu hadisələrin 15 oktyabr tarixində baş verməsidir. Məhz 15 oktyabr 2003-cü il tarixində keçirilmiş seçkilərdə Prezident seçilmiş İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini ləyaqətlə davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla apardı. Nəticədə regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan, söz sahibinə çevrilən Azərbaycanın müstəqil siyasəti, ərazi bütövlüyünün və suverenliyin bərpası təmin olundu.
Keçdiyimiz keşməkeşli yolda Prezident İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantına çevrildi. Dövlət başçısı keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaradaraq xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazandı, humanizm və liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer etdi.
Beləliklə, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı qurdu, İlham Əliyev isə onu güclü bir dövlətə çevirdi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Əminik ki, qürurlu və güclü xalqımız əldə etdiyimiz Zəfərləri, müstəqilliyimizi əbədi etmək üçün bundan sonra da yeni zirvələr qət edəcək, yenilməz Azərbaycan Sərkərdəsinin uzaqgörən siyasətini, şanlı tariximizin yazılmasını davamlı etməklə, daha böyük Azərbaycan naminə mübarizliyini əzmlə davam etdirəcəkdir.
Məzahir Əfəndiyev,
Milli Məclisin deputatı