Oktyabrın 15-də cənab İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 22-ci ili tamam olur. Respublikamızın tarixində mühüm siyasi hadisəyə çevrilən 2003-cü ilin prezident seçkilərində xalqımız bir daha müdrik və həm də tarixi seçimini edərək, Azərbaycana milli qurtuluş və inkişaf bəxş edən Heydər Əliyevin siyasi kursuna etimad göstərdi.
Prezident İlham Əliyevin fəaliyyətinin mərkəzində respublikamızın inkişafı, iqtisadi və hərbi cəhətdən qüdrətlənməsi, beynəlxalq birlikdə mövqelərinin möhkəmləndirilməsi, xalqımızın sosial rifahının daha da yüksəldilməsi dayandı. Dövlətimizin başçısı ilk gündən sözlə əməlin vəhdətini yaratdı, özünün dediyi kimi, hər bir azərbaycanlının Prezidenti oldu, respublikamızın və xalqımızın maraqlarının qorunması bütün məqsədlərin fövqündə dayandı.
2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində etdiyi proqram xarakterli nitqində cənab İlham Əliyev qarşıdakı dövr üçün respublikamızın prioritet hədəflərini müəyyən etmişdi. Ötən 22 illik tarix sübut etdi ki, bütün seçkilərdə xalqın birmənalı etimadını qazanan Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz həmin strateji hədəflərə doğru inamla çatıb. Ötən illərə nəzər salmaqla Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hansı uğurlara nail olduğunu görmək mümkündür.
Bu illər ərzində respublikamızda sabitlik qorunub və daha da möhkəmləndirilib. Ulu Öndərin əsasını qoyduğu enerji strategiyası nəinki uğurla davam etdirilib, o cümlədən Prezident İlham Əliyevin uzaqgörənliyi ilə daha da zənginləşdirilib. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşasını təmin edən Prezident İlham Əliyevin bu sahədə yürütdüyü qətiyyətli siyasət nəticəsində sonrakı dövrdə "Cənub qaz dəhlizi" kimi Azərbaycandan Avropaya qədər uzanan nəhəng enerji infrastrukturu yaradılıb. Mükəmməl siyasətin nəticəsidir ki, Azərbaycan Avropanın enerji gündəminin müəyyən edilməsində söz sahibi olan dövlət kimi çıxış edir. İndi respublikamız Avropa İttifaqı ölkələrinin bir qisminin strateji tərəfdaşıdır.
Azərbaycanın enerji siyasətinin daxili siyasətə təsirlərinə gəldikdə, ötən 22 ildə respublikamızın nail olduğu sürətli iqtisadi inkişafda və əhalinin sosial rifahının yüksəldilməsində neft və qaz gəlirlərinin əhəmiyyətli payı var. Hazırda respublikamızın bütün makroiqtisadi və fiskal göstəriciləri - ÜDM istehsalı, idxal-ixrac əməliyyatları, dövlət büdcəsinin gəlir və xərcləri, dövlət büdcəsindən ayrı-ayrı sahələrə ayrılan vəsaitlərin həcmi, pensiyalar, əməkhaqları 2003-cü illə müqasiyədə dəfərlə yüksəkdir. Ötən 22 ildə strateji valyuta ehtiyatlarımız 50 dəfə, dövlət büdcəsinin gəlirləri 32 dəfə artıb. Azərbaycan bu gün kosmosda peyki olan dövlətlər sırasında yer alır. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf siyasətinin, əsaslandırılmış islahatların, neft və qaz gəlirlərindən səmərəli istifadənin nəticəsidir. Prezident İlham Əliyevin hələ 2003-cü ildə dediyi "Azərbaycan gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəkdir. Neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik" fikrinin real həyatda yerini tutmasının təsdiqini görürük.
Prezident İlham Əliyevin 2003-cü ildə qarşıya qoyduğu əsas strateji hədəflər sırasında ordu quruculuğu və ərazilərimizin işğaldan azad olunması məsələlərini xüsusi qeyd etməliyik. "Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtidarında olmalıdır", - deyən İlham Əliyev 22 il öncə onu da bəyan etdi ki, Azərbaycanın torpaqları mütləq işğaldan azad olunmalı, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bu iki strateji vəzifə ilk gündən Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində oldu. Respublikamızın artan maliyyə imkanlarına uyğun olaraq ötən illərdə modern ordu quruculuğu prosesi həyata keçirildi, ən müasir silah sistemləri və hərbi texnikalar Silahlı Qüvvələrimizin arsenalına daxil edildi. Bu baxımdan Prezident İlham Əliyevin hələ respublikamıza rəhbərliyinin birinci dövrünün əsas reallıqlarından biri Azərbaycan Silahlı Qüvvələrinin işğalçı ordu üzərində böyük üstünlüyə malik olması idi.
Xalqımız bilirdi ki, sülh danışıqlarının nəticəsiz qalacağı təqdirdə Azərbaycan hərbi güc yolu ilə ərazilərini işğaldan azad edəcək. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda Tovuz rayonu istiqamətində Ermənistan ordusuna vurulan ağır zərbə göstərirdi ki, torpaqlarımızın işğaldan azad ediləcəyi tarix uzaqda deyil. 2020-ci ilin sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Prezident İlham Əliyev dövlətimizin qarşısında dayanan ən əsas strateji vəzifənin uğurla yerinə yetirilməsini təmin etdi. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və Qarabağın erməni separatizmindən xilas olunması Prezident İlham Əliyevin respublikamıza rəhbərliyinin ən böyük nailiyyətləridir. Həm Vətən müharibəsində, həm də antiterror əməliyyatlarında qazanılan zəfərlər yalnız müasir müstəqillik deyil, son bir neçə əsrlik tariximizin möhtəşəm uğurlarıdır.
Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olaraq artıq ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. İşğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq prosesi isə Prezident İlham Əliyevin respublikamıza müdrik rəhbərliyinin növbəti qürurdoğuran səhifəsidir.
Qürurla və fəxrlə qeyd etməliyik ki, Azərbaycanı inkişaf yoluna çıxaran, qalib dövlətə çevirən Prezident İlham Əliyev həm də qlobal səviyyədə ehtiram göstərilən lider, böyük nüfuz sahibi olan dövlət başçısıdır. Dövlətimizin başçısının 2-13 oktyabr tarixlərində iştirak etdiyi 4 mühüm tədbir - "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısı, Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası və Yaxın Şərq Sülh Sammiti bu həqiqətin növbəti təsdiqi oldu.
Ötən əzəmətli 22 illik tariximiz göstərir ki, Prezident İlham Əliyev Azərbaycanın möhtəşəm uğurlarının müəllifidir. Cənab İlham Əliyev torpaqlarımızın azadlığının, bizə sonsuz sevinc yaşadan zəfərlərimizin memarıdır. Ona görə xalqımız Prezident İlham Əliyevlə hər zaman fəxr edəcək və onun liderliyi ilə yüksəlişin yeni nümunələrini yaradacaq.
Müşfiq Məmmədli,
Milli Məclisin deputatı