16 oktyabr 2025 11:49
149

Füzuli rayonu yeni inkişaf dövrünü yaşayır

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən 17 oktyabr Füzuli Şəhəri Günüdür.  Füzuli rayonu artıq beş ildir ki, tarixi sahibinə qovuşub. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il   oktyabrın 18-də Füzuli rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə tarixi Zəfərimizdən geniş bəhs edərək qarşıda dayanan hədəfləri açıqlanışdır: “Biz Füzuli şəhərini və Füzuli rayonunun kəndlərini bərpa edəcəyik…  Azad edilmiş bütün torpaqlarda həyat bərpa olunacaq, vətəndaşlar öz doğma ocaqlarına qayıdacaqlar… Bu proses çox mürəkkəbdir. Burada düzgün planlaşdırma aparılmalı, minalardan təmizləmə işləri görülməlidir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - yüz mindən çox mina basdırılıb. Biz bütün bu işləri paralel şəkildə aparmalıyıq. Eyni zamanda, Füzuli şəhərinin baş planı, kəndlərin inkişaf konsepsiyası hazırlanıbdır. Birinci infrastruktur layihələri də məhz Füzulidə başlamışdır”.

İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Prezident  İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuliyə səfər etdi.
Müzəffər Ali Baş Komandan  Füzuli şəhərində Azərbaycan Bayrağını ucaltdı. Füzuli-Şuşa avtomobil yolunun təməlini qoydu. Dövlət başçısı İlham Əliyev bu yolu “Zəfər yolu” adlandırdı.  

Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş digər  ərazilərimiz kimi, Füzuli rayonuna  da səfərləri davamlı  xarakter daşıyır. Səfərlər çərçivəsində mühüm sosial obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edən cənab İlham Əliyev bu mühüm addımları ilə Böyük Qayıdışı daha da sürətləndirir.  Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2023-cü il 18 martda “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etmişdir. Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda “Füzuli” yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilib.  Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılıb. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilmişdir. Bununla yanaşı, Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib.

 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı başlanıb  və bu proses artan templə davam edir.  İlkin mərhələdə 144 ailə köçürülüb. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində çətin şəraitdə yaşayan ailələrdir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı 2024-cü il yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb.  Bu günədək  Füzuliyə 3141 nəfər köçürülüb. Böyük Qayıdış Proqramının birinci mərhələsinin başa çatacağı  2026-cı ilin sonunda 22 min keçmiş məcburi köçkün  Füzuli rayonuna qayıdacaq. Bütövlükdə isə hədəf nəzərdə tutulan vaxtadək   140 min keçmiş məcburi köçkünün qayıdışını təmin etməkdir.

Bu mühüm məqamı da qeyd edək ki, azad edilmiş torpaqlarda aparılan bərpa-quruculuq işləri türk dünyasının birliyinin təqdimatında əhəmiyyətli rol oynayır. Belə ki, bu günlərdə Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının XII Zirvə görüşü çərçivəsində Türkmənistan tərəfindən Füzulidə tikiləcək məscidin onlayn formatda təməli qoyuldu. Bu rayonda, həmçinin  Özbəkistan tərəfindən Mirzə Uluqbəy adına məktəbin, Qazaxıstan tərəfindən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikilib istifadəyə verilməsi bunun əyani göstəricisidir.

Samir Qocayev,
​YAP Goranboy rayon təşkilatının sədri