14 noyabr 2016 14:39
318

Rövnəq Abdullayev Çin nümayəndə heyəti ilə görüş keçirib

Noyabrın 12-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Çin iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyətini qəbul etmişdir.

Nümayəndə heyətində təmsil olunan Çin Milli Neft Korporasiyasının (CNPC), bu ölkənin maliyyə institutlarının, bank və fondlarının, investisiya və sığorta şirkətlərinin nümayəndələrini səmimi salamlayan Rövnəq Abdullayev Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, enerji sektorunun bir çox sahələrində faydalı əməkdaşlığın qurulduğunu vurğulamış, Çin şirkətləri və maliyyə institutları ilə SOCAR arasında uzunmüddətli əməkdaşlıqdan danışmışdır. Bu əməkdaşlığı Azərbaycan və Çin arasında dostluq və beynəlxalq tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə adlandıran SOCAR prezidenti CNPC rəhbərliyi ilə Pekində və Bakıdakı son görüşləri xatırlamış və çıxarılan qərarların əhəmiyyətini vurğulamışdır. 

CNPC şirkətinin İdarə Heyətinin üzvü Vang Şi Honq səmimi qəbul üçün təşəkkürünü bildirmiş, SOCAR-ın yeni ofisində ilk dəfə olduğunu söyləyərək bu münasibətlə Rövnəq Abdullayevi təbrik etmiş, SOCAR-a yeni inzibati binasında uğurlar arzulamışdır. O, SOCAR-la CNPC arasında imzalanmış Azərbaycanda Qaz Emalı və Kimyası kompleksinin (SOCAR-GPC) yaradılmasına dair memorandumu iki şirkətin əməkdaşlığının inkişafı baxımından vacib mərhələ adlandırmış, Çin hökumətinin bu layihəyə böyük önəm verdiyini qeyd etmişdir. Çinin maliyyə təsisatlarının, fondlarının və investisiya şirkətlərinin bu layihəyə böyük diqqət göstərdiklərini vurğulayan Vang Şi Honq Azərbaycana bu günki səfərin də bunun göstəricisi olduğunu bildirmişdir. Qonaq təmsil etdiyi şirkətin SOCAR-la əməkdaşlığı daha da genişləndirməyə, SOCAR-ın həyata keçirdiyi layihələrdə daha geniş təmsil edilməyə maraqlı olduğunu diqqətə çatdırmışdır. 

Ölkəmizdə xarici investisiyalar üçün əlverişli və təhlükəsiz mühit yaradıldığını qeyd edən Rövnəq Abdullayev demişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ötən il Çinə etdiyi səfər çərçivəsində əldə olunmuş razılaşmalar uğurla həyata keçirilir. SOCAR prezidenti Rövnəq Abdullayev CNPC ilə neft-qaz əməliyyatlarının bütöv bir spektri üzrə əməkdaşlığın genişlənməsi üçün böyük perspektivlərin olduğunu söyləmişdir.

Görüşdə iştirak edən Çin İnkişaf Bankı, Çin İdxal-ixrac Bankı, “İpək Yolu” Fondu, Çin-Avrasiya iqtisadi əməkdaşlıq şirkəti və başqa qurumların nümayəndələri Çinin maliyyə dairələrində GPC layihəsinə göstərilən maraqdan söz açmış, bu layihənin iki ölkə arasında əməkdaşlığın inkişafında yeni mərhələ olacağına inamı ifadə etmişlər. 

SOCAR prezidenti Rövnəq Abdullayev nümayəndə heyəti üzvlərini maraqlandıran məsələlərə aydınlıq gətirmiş, Çin iş adamlarının Azərbaycana səfərinin GPC layihəsi üzrə işlərin daha sürətlə irəliləməsi üçün əlavə stimul yaradacağına əmin olduğunu qeyd etmiş, layihə iştirakçılarına uğurlar arzulamışdır. 

Görüşdə Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua iştirak etmişdir.