21 oktyabr 2025 08:14
83

Sakit okeanda anomal isti Avropada erkən soyuqlara səbəb ola bilər

Alimlər Sakit okeanın şimalında qeydə alınan anormal isti su kütləsi – “Blob” barədə xəbərdarlıq ediblər.

“İki sahil” xəbər verir ki, bu ilin yayında bölgədə dəniz səthinin temperaturu əvvəlki rekordu 0,25°C ötərək tarixi maksimuma çatıb.

Mütəxəssislər istiləşmənin səbəblərinin hələ də tam aydın olmadığını bildirirlər. Təbii iqlim dəyişiklikləri və zəifləyən küləklərin rol oynadığı ehtimal olunur, lakin digər amillərin də təsiri istisna edilmir.

Klimatoloqların fikrincə, “Blob” atmosfer proseslərinə təsir göstərərək Şimali Avropa və Böyük Britaniyada erkən soyuq havalara səbəb ola bilər. İsti okean suları Atlantikada hava axınlarını dəyişdirərək Arktik hava kütlələrinin təsirini gücləndirə bilər.

Bununla belə, qlobal istiləşmə fonunda qışların ümumilikdə mülayim keçdiyi nəzərə alınaraq, kəskin soyuq dalğalarının başvermə ehtimalı hələlik qeyri-müəyyən olaraq qalır.