14 noyabr 2016 18:19
324

Dəniz neftçiləri 900 min tona yaxın neft hasil ediblər

SOCAR-ın neft-qaz hasilatını həyata keçirən və ən böyük struktur vahidlərindən biri olan “Azneft” İstehsalat Birliyinin (İB) rəhbərliyi bu gün istehsalat sahələrində təhlükəsiz iş şəraitinin daha da təkmilləşdirilməsini diqqət mərkəzində saxlayır. Bu mənada sahələrdə mütəmadi olaraq yoxlamalar aparılır, treninqlər, maarifləndirmə tədbirləri keçirilir. 

Xüsusi olaraq vurğulamaq lazımdır ki, “Azneft” İB-nin rəhbərliyi neftçilər qarşısında yeni tələb qoyub. “Ya işi sıfır təhlükə dərəcəsi ilə gör, ya da ümumiyyətlə, o işi görmə! İşi düzgün görmək üçün həmişə vaxt var.” Olduqca mühüm əhəmiyyət kəsb edən bu şüarın irəli sürülməsində məqsəd təbii ki, baş verə biləcək qəzaları önləmək və tam təhlükəsiz iş şəraitinin təmin edilməsinə nail olmaqdır. 

“Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ-də də bu prinsip əsas götürülərək gündəlik iş rejimində təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl edilir. NQÇİ-nin rəisi Qoçalı Mahmudovun sözlərinə görə, 2016-ci ilin 10 ayı ərzində görülmüş işlər nitəcəsində əldə olunan texniki-iqtisadi göstəricilər müsbətdir. Təbii ki, bu kimi uğurların əldə olunmasında təhlükəsizlik amilini vurğulamaq lazımdır. “Neft Daşları” NQÇİ 2016-ci ilin 10 ayı ərzində neft-qaz hasilatı və təhvili üzrə qarşıya qoyulmuş tapşırıqları artıqlaması yerinə yetirib. Belə ki, neft hasilatı üzrə 806080 ton plana qarşı, 832718 ton neft hasil edilib. Plan 103.3 faiz yerinə yetirilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə dəyişmə tempi 5.3 faiz və ya 41596 ton çox təşkil edib.

Q.Mahmudovun sözlərinə görə, neft təhvili tapşırığına isə 103.4 faiz  əməl olunub. 798070 ton plana qarşı, faktiki olaraq 824992 ton neft təhvil verilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə neft təhvili 41138 ton çox və artım tempi 5.2 faiz təşkil edib. Qaz hasilatı üzrə plan 100 faiz yerinə yetirilib. 55400 min kubmetr plana qarşı, faktiki olaraq 55400 min kubmetr qaz hasil edilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qaz hasilatı 10 min kubmetr çox olub.

Hazırda NQÇİ-nin istismar quyu fondu 482-yə bərabərdir. Onlardan 95 faizi, yəni 458-i fəaliyyətdə olan quyu fondunu təşkil edir. Bu quyu fondunun 394-ü qazlift üsulu, 51-i fontan, 13-ü isə dərinlik nasosu üsulu ilə istismar olunur. Fəaliyyətsiz quyu fondu istismar fondunun 4.8 faizini, yəni 23 quyu təşkil edir. 1 quyu isə mənimsəmədədir.

Ötən müddətdə NQÇİ üzrə qazmadan 16 quyu istismara daxil edilib.  Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 2 quyu çox olub. Qazmadan alınan quyulardan neft hasilatı 34270 ton plana qarşı, faktiki olaraq 38824 ton olub. Fəaliyyətsiz fonddan isə 9 quyu plana qarşı, 15 quyu bərpa edilib istismara daxil olunub. Fəaliyyətsiz fonddan alınan quyulardan 7378 ton neft çıxarılıb.

NQÇİ rəisi onu da əlavə etdi ki, istismar quyularında hasilatı sabit saxlamaq üçün əsaslı və cari təmirlər aparılıb. Bu baxımdan 2016-ci ilin 10 ayı ərzində NQÇİ-də 183 əsaslı və 503 yeraltı təmir işləri aparılıb. Təmirlərarası müddət 230 gün olub. Hesabat dövründə 70 tədbirə qarşı, 74 geoloji tədbir həyata keçirilib, nəticədə 57667 ton neft hasil olunub. Köhnə quyularda neft hasilatını sabit saxlamaq məqsədilə 253 tədbirə qarşı, 336 texniki tədbir həyata keçirilib, nəticədə 9421 ton neft hasil edilib.

Nail Rəhimzadə, “İki sahil”