44 günlük haqq savaşımızda canı-qanı bahasına düşmənə layiqli cavab verən minlərlə qəhrəmanlardan biri də 2001-ci ildə Cəlilabad rayonu, Göytəpə qəsəbəsində dünyaya göz açan Ümüd Qasımzadədir. Vətəninə, xalqına ürəkdən bağlanan Ümüd 2002-ci ildə ordu sıralarına çağırılır. O, cəbhə bölgəsində xidmət edir, Vətən qarşısında borcunu şərəflə yerinə yetirir. İkinci Qarabağ müharibəsi başlayanda birincilər sırasında döyüşlərə atılır. Mərdliklə vuruşur, Vətən torpaqlarının azadlığı naminə yağıya ağır itkilər verir. Füzulidə gedən savaşda xüsusi qəhrəmanlıq göstərir. Yağıya qarşı son damla qanına qədər döyüşüb, 19 yaşında oktyabrın 13- də şəhidlik zirvəsinə ucalır. Əbədi olaraq ürəklərə köç edən Ümüd Qasımzadə dövlət tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə “ və digər medallara layiq görülür.
Vətən sevdalı zəfər şəhidi Ümüd məktəb illərində idmanın ağırlıqqaldırma növünə marağı ilə seçilib. Cəlilabad rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən UGİM-də məşq edib. Qazandığı uğurları da çox olub. Belə ki, gənclər arasında Azərbaycan Çempionatında 2019 və 2020-ci illərdə gümüş medallarına sahib çıxıb. 2020-ci ildə Azərbaycan Çempionatında ikinci pilləyə qalxıb.
Bu günlərdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Ümüd Qasımzadə adına Ağır Atletika İdman Klubunun birgə təşkilatçılığı, Cəlilabad Rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Göytəpə şəhər 2 saylı tam orta məktəbin idman zalında Vətən müharibəsi şəhidi Ümüd Qasımzadənin əziz xatirəsinə həsr olunmuş ağırlıqqaldırma idman növü üzrə rayon turniri keçirilib.
Turnirin açılış mərasimində Dövlət Himni oxunub, Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Çıxışçılar bildiriblər ki, 44 günlük haqq savaşımızda Vətən torpaqlarının azadlığı uğrunda qanları bahasına bizə qələbə sevincini yaşadan qəhrəmanların xatirəsi yaddaşlarda yaşayacaq, heç vaxt unudulmaz. Şəhidlik ən müqəddəs bir zirvədir, ona sahib olanlar heç vaxt ölmürlər. Həmçinin bu cür yarışların təşkili gənclərin asudə vaxtlarının səmərəli keçməsinə, onlara sağlam həyat tərzinin aşılanmasına, vətənpərvərlik ruhunda tərbiyəsində bədən tərbiyəsi və idmanın rolunun artırılmasına, ağır atletika idman növünün kütləviliyinə nail olmağa əsaslanır.
Turnirdə 8 çəki dərəcəsi üzrə 30 nəfər idmançı qələbə uğrunda əzmlə mübarizə aparıb. Hər çəki dərəcəsi üzrə 1-ci, 2-ci, 3-cü yeri tutan qalib idmançılar diplom və medallarla təltif olunublar.
Tədbirdən sonra zəfər şəhidin məzarı ziyarət edilib, ehtiram əlaməti olaraq ona təzə güllərdən çələng hörülüb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü