23 oktyabr 2025 17:43
133

Dünya bazarında neftin qiymətinin bahalaşmasının səbəbi iqtisadi deyil

ABŞ və Avropa İttifaqının oktyabrın 23-də Rusiyaya qarşı tətbiq etdikləri növbəti sanksiyalar paketindən sonra dünya bazarında neftin qiymətində bahalaşma müşahidə edilib.

“İki sahil” xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın “Rosneft” və “Lukoyl” neft şirkətlərinə və onların törəmə şirkətlərinə qarşı sanksiya paketini açıqladıqdan sonra dünya bazarında “Brend” markalı neftin 1 barelinin qiyməti 3,87 faiz artaraq 65,01 dollara, WTI markalı neftin 1 barelinin qiyməti isə 3,71 faiz artaraq 60,67 dollardək bahalaşıb.

Kimyəvi tərkibi və keyfiyyətinə görə fərqlənən, nisbətən baha satılan Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti də 1,68 faiz bahalaşaraq 1 barelinin qiyməti 63,45 dollara çatıb.

İlk baxışdan neft qiymətinin bahalaşması bazarın tələb və təklif qanunlarına uyğun olaraq baş verib və təəccüblü deyil. Sanksiyalar nəticəsində dünya bazarına çıxarılan gündəlik neftin həcmi azalıb ki, bunun nəticəsində də qiymətlər artıb. Qış fəslinin astanasında olduğumuzu da nəzərə alsaq tələbin artması da qiymətlərə təsir edib. Lakin ABŞ Maliyyə Nazirliyinin bəyanatı məsələyə başqa rakursdan baxmağa məcbur edir.

ABŞ-ın maliyyə naziri Skott Bessent bildirib ki, sanksiyalar Rusiyanın Ukrayna ilə müharibəni davam etdirməsinin qarşısını almaq məqsədilə tətbiq olunur.

Göründüyü kimi, dünya bazarında neftin qiyməti təbii olaraq deyil, yəni bahalaşma hasilatın azalması, nəqliyyat xərclərinin artması, OPEC-in neftin qiymətini sabit saxlamaq istəyi və s. amillərlə bağlı olmayıb, bazara süni müdaxilə olub ki, bu, siyasi xarakter daşıyır.

“Finacial Times” yazır ki, Rusiyanın adı yuxarıda göstərilən iri neft şirkətlərinə sanksiya tətbiq edilməsi prezident Cozef Baydenin dövründə də konqres tərəfindən təklif olunub. Lakin Prezident Bayden ABŞ-ın Avropadakı müttəfiqlərinin maraqlarını və inflyasiyanın yüksəlməməsi üçün qərarı rədd etdi, dünya bazarında neftin qiymətinin sabit qalması təmin olundu.

Prezident Donald Tramp isə başqa cür düşünür. Əvvəla o ABŞ-da neft quyularının açılması və istehsalın artırılmasını və bununla da Avropa dövlətlərinin enerji təhlükəsizliyini təmin etməyi planlaşdırıb. D. Tramp hələ birinci prezidentlik dövründə neft və qaz quyularını açmaq istəyini bildirmişdi. Rusiya-Ukrayna müharibəsi bu istəyi sürətləndirib. Artıq ABŞ Avropaya sıxılmış qaz ixrac edir. Əslində ABŞ Prezidenti Avropadakı müttəfiqlərini deyil, ABŞ-ın gəlirlərini düşünür. Lakin maraqların üst-üstə düşməsi tərəflər üçün faydalı olub.

“ING Group” korporasiyasının eksperti Uorren Patterson bildirib ki, prezident D. Tramp ambisiyalı siyasətçidir və lazım gəlsə Rusiyaya qarşı sanksiyaları daha da şiddətləndirəcək. xatırladaq ki, Avropa İttifaqı da Rusiyaya qarşı 40 milyard dollarlıq ticarət məhdudiyyəti tətbiq edib.

Beləliklə, neft qiymətini sanksiyalar yolu ilə artırmaqla ABŞ və Avropa dövlətləri Rusiyaya təzyiqi gücləndirir. Artıq Hindistan və Çin də sanksiyalardan ehtiyat edərək Rusiyadan neft idxalını kəskin azaldıblar.