Oktyabrın 24-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Omuralıyevlə görüşüb.
“İki sahil” Xarici İşlər Nazirliyinin Mətbuat ximdəti idarəsindən verilən məlumata istinadən xəbər verir ki, görüş zamanı tərəflər ölkəmizin TDT çərçivəsində sədrliyinin prioritetlərini, təşkilatın gündəliyində duran məsələləri və gələcək planları müzakirə ediblər.
Nazir Ceyhun Bayramov təşkilat çərçivəsində dostluq, qardaşlıq və bütün sahələrdə əməkdaşlığın gücləndirilməsinin əsas prioritet olduğunu, Azərbaycanın bu potensialın reallaşması istiqamətində Türk Dövlətləri Təşkilatının atdığı addımları, təşəbbüsləri və ideyaları daim dəstəklədiyini, təşkilatın katibliyinin və beynəlxalq təşkilatlarda müşahidəçi statusunun daha da gücləndirilməsinin və genişləndirilməsinin vacib olduğunu vurğulayıb.
Tərəflər Şuşada və Qəbələdə keçirilmiş Zirvə görüşlərində qəbul edilmiş Qarabağ Bəyannaməsinin və qərarların təşkilat çərçivəsində çoxşaxəli əməkdaşlıq üçün əhəmiyyətini qeyd ediblər. Baş katib ölkəmiz tərəfindən təşkil edilmiş tədbirlərin uğurlu təşkilinə görə təbriklərini çatdırıb.
Azərbaycanın Qəbələ sammiti zamanı irəli sürdüyü təşəbbüslərin icra edilməsi istiqamətində addımlar nəzərdən keçirilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.