28 oktyabr 2025 17:02
110

Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququ beynəlxalq gündəmdə

Ermənistan tərəfindən Qərbi azərbaycanlılara qarşı həyata keçirilmiş deportasiyalar nəticəsində yüz minlərlə insan doğma torpaqlarından məhrum edilib, onların mülkiyyət, yaşayış və mədəni irsə sahib olma hüquqları kobud şəkildə pozulub. Bu fakt təkcə tarixi ədalətsizliyin deyil, həm də beynəlxalq hüququn fundamental prinsiplərinin pozulmasının bariz nümunəsidir. Məhz bu səbəbdən Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdış hüququnun beynəlxalq müstəvidə tanınması və təmin olunması məsələsi günümüzün aktual mövzularından biridir. Bu məqsədlə 27 oktyabr 2025-ci il tarixində Brüsseldə Qərbi Azərbaycan İcması və Fransanın “CAP Freedom of Conscience” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə “Beynəlxalq hüquqda qayıdış hüququ” adlı beynəlxalq konfrans təşkil olunub. Avropa məkanında Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququna həsr edilmiş və 120 nəfərin iştirak etdiyi bu tədbir geniştərkibli nümayəndə heyətinin iştirakı ilə reallaşıb. Tədbirdə Belçika, Fransa, Birləşmiş Krallıq, İsveçrə, İtaliya və Azərbaycandan olan beynəlxalq hüquq üzrə tanınmış mütəxəssislər, tədqiqatçılar, siyasi və ictimai xadimlər çıxış ediblər.

Konfransda Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının bərpası, onların təhlükəsiz və ləyaqətli şəkildə doğma yurdlarına qayıdış imkanları, habelə bu məsələnin beynəlxalq hüquq müstəvisində tanıdılması istiqamətində görülən işlər müzakirə olunub.

Çıxış edənlər vurğulayıblar ki, Qərbi azərbaycanlıların qayıdış hüququ təkcə tarixi ədalətin bərpası deyil, həm də regionda sülh və ədalətin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Konfransda Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıdış hüququnun beynəlxalq hüquqi əsasları, bu hüququn həyata keçirilməsi mexanizmləri və Avropa ictimaiyyətinin məsuliyyəti kimi mövzular geniş müzakirə olunub.

Tədbir çərçivəsində, həmçinin Qərbi Azərbaycan İcmasının gördüyü işlər deportasiya faktlarının beynəlxalq aləmdə tanıdılması istiqamətində həyata keçirilən tədbirlər və gələcək əməkdaşlıq imkanları da müzakirə edilib. Konfrans iştirakçıları yekdilliklə bildiriblər ki, bu məsələ təkcə tarixi ədalətin bərpası deyil, həm də Cənubi Qafqazda sülh və birgəyaşayışın bərqərar olması üçün vacib addımdır.

Konfrans çərçivəsində qəbul olunan Bəyanatda beynəlxalq ictimaiyyətə çağırış edilərək, azərbaycanlıların fundamental insan hüquqlarının qorunması və onların doğma torpaqlarına dönüş prosesinə dəstək verilməsi tələb olunub.

Konfransın gedişində Qərbi azərbaycanlıların öz doğma torpaqlarından zorla qovulması, etnik təmizləmə faktları və bu hadisələrin beynəlxalq hüquq normalarına zidd olması ətrafında müzakirələr aparılıb. Natiqlər vurğulayıblar ki, qayıdış hüququ yalnız humanitar deyil, həm də hüquqi baxımdan fundamental hüquqlardan biridir. Tədbir iştirakçıları qeyd ediblər ki, Qərbi azərbaycanlıların qayıdış hüququnun tanınması və təmin olunması bölgədə ədalətin, sülhün və davamlı sabitliyin bərqərar olmasının əsas şərtlərindən biridir. Konfrans, həmçinin bu istiqamətdə beynəlxalq ictimaiyyətin, xüsusilə Avropa institutlarının daha fəal mövqe nümayiş etdirməsinin vacibliyini ön plana çəkib.

Konfrans çərçivəsində iki tematik panel müzakirəsi təşkil olunub. Birinci paneldə beynəlxalq hüquqda “qayıdış hüququ” anlayışının formalaşması, tarixi inkişaf mərhələləri və bu hüququn beynəlxalq konvensiyalarda, o cümlədən BMT və Avropa Şurası sənədlərində təsbit olunmuş əsasları geniş şəkildə təhlil edilib. Mütəxəssislər qeyd ediblər ki, qayıdış hüququ insanların doğma torpaqlarına, əmlaklarına və mədəni irslərinə sahib çıxmaq azadlığını təmin edən fundamental hüquqdur və bu, müasir beynəlxalq hüquq sisteminin mühüm prinsiplərindən biridir.

İkinci paneldə isə mülkiyyət hüquqlarının qorunması, mədəni və tarixi irsin bərpası, habelə etnik təmizləmələr nəticəsində pozulmuş hüquqların bərpası məsələləri ətrafında müzakirələr aparılıb. Panel iştirakçıları vurğulayıblar ki, Qərbi azərbaycanlıların qayıdış prosesi yalnız humanitar deyil, eyni zamanda, hüquqi və mədəni məsələ kimi qiymətləndirilməlidir. Bu kontekstdə beynəlxalq təşkilatların və hüquq institutlarının məsuliyyətinin artırılması, həmçinin bu istiqamətdə praktiki mexanizmlərin işlənib hazırlanması zəruri sayılıb.

Konfransda çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli tədbir iştirakçılarına İcmanın yaranma məqsədi, əsas fəaliyyət istiqamətləri və qarşıya qoyduğu strateji hədəflər barədə ətraflı məlumat verib. Qeyd edib ki, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarından kütləvi şəkildə qovulması ötən əsrdə məqsədyönlü və ardıcıl şəkildə həyata keçirilmiş etnik təmizləmə siyasətinin nəticəsidir.

Əziz Ələkbərli vurğulayıb ki, Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi bu sistemli siyasət nəticəsində ölkədən yüz minlərlə insan didərgin düşüb, onların mülkiyyətləri qanunsuz şəkildə mənimsənilib. Maddi ziyanın həcmi milyardlarla dollarla ölçülür. Eyni zamanda, maddi dəyərlərlə yanaşı, yüzilliklər boyu formalaşmış zəngin mədəni və tarixi irs-məscidlər, qəbiristanlıqlar, abidələr və yaşayış məskənləri də məqsədli şəkildə məhv edilib. O, beynəlxalq ictimaiyyəti bu faktları hüquqi-siyasi müstəvidə tanımağa və ədalətin bərpasına dəstək göstərməyə çağırıb.

Əziz Ələkbərli çıxışında bildirib ki, Qərbi Azərbaycan İcmasının Ermənistan tərəfinə ünvanladığı çoxsaylı rəsmi müraciətlərə baxmayaraq, bu ölkə hələ də dialoqa açıq mövqe nümayiş etdirmir və konstruktiv əməkdaşlıqdan yayınır. Sədr vurğulayıb ki, İcma Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sülh yönümlü və uzaqgörən siyasətə tam dəstək verir, regionda uzunmüddətli sabitlik, qarşılıqlı etimad və birgəyaşayış mühitinin bərqərar olmasını əsas hədəf kimi görür. Sədr, həmçinin qeyd edib ki, 8 avqust tarixində Vaşinqtonda keçirilmiş görüş zamanı əldə olunmuş razılaşmalar regionda barış və dayanıqlı təhlükəsizliyin təmin olunması istiqamətində mühüm dönüş nöqtəsi olub. Qərbi Azərbaycan İcması bu tarixi qərarların real sülh prosesinə təkan verəcəyinə və xalqlar arasında etimadın möhkəmlənməsinə xidmət edəcəyinə əmindir.

Konfrans çərçivəsində, həmçinin Qərbi azərbaycanlıların tarixi torpaqlarında məqsədli şəkildə dağıdılmış mədəni irs nümunələrini və memarlıq abidələrini əks etdirən fotosərgi nümayiş etdirilib. Tədbir iştirakçıları həmin eksponasiyalar vasitəsilə Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsi, onun sistemli şəkildə məhv edilməsinin miqyası və nəticələri barədə dolğun təsəvvür əldə ediblər. Eyni zamanda, Qərbi Azərbaycan İcması tərəfindən hazırlanmış çoxsaylı analitik materiallar, broşürlər və məlumat kitabçaları iştirakçılara təqdim olunub. Konfransda, həmçinin Qərbi azərbaycanlıların tarixi torpaqlarında dağıdılmış mədəni mirasının nümunələrinə və abidələrinə dair fotosərgi nümayiş etdirilib. Konfransın sonunda beynəlxalq ekspertlər, ictimai-siyasi xadimlər və hüquqşünaslar vurğulayıblar ki, Qərbi azərbaycanlılara qarşı XX əsrdə həyata keçirilmiş deportasiyalar insan hüquqlarının və beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bu deportasiyalar təkcə etnik təmizləmə aktı deyil, həm də tarixi ədalətin pozulması kimi qiymətləndirilməlidir. Beynəlxalq ictimaiyyət Ermənistan hökumətini bu hüququ tanımağa və qərbi azərbaycanlıların təhlükəsiz, könüllü və ləyaqətli şəkildə öz tarixi torpaqlarına qayıdışını təmin etmək istiqamətində real addımlar atmağa çağırıb. Bu yalnız ədalətin bərpasına deyil, həm də regionda dayanıqlı sülhün və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edəcək.

Şəmsiyyə Əliqızı, “İki sahil”