29 oktyabr 2025 18:50
116

Maka Boçorişvili: Brüsseldən obyektiv qiymətləndirmə gözləmək çətindir

Brüsseldən obyektiv və müsbət qiymətləndirmələr gözləmək çətindir, çünki Avropa İttifaqı inteqrasiya məsələlərini tez-tez siyasi məqsədlərlə əlaqələndirir.

“İki sahil” xəbər verir ki, Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Avropa Komissiyasının noyabrın 4-də dərc olunacaq genişlənmə hesabatı ilə bağlı açıqlamasında belə deyib.

"Ümumiyyətlə, biz görürük ki, Brüssel Avropaya inteqrasiya ilə bağlı bütün məsələlərdən siyasi məqsədlər üçün istifadə edir və alətləşdirir. İstisna etmirəm ki, bu hesabat da bu istiqamətdə bir növ alət olacaq", – deyə Boçorişvili qeyd edib.

Nazirin sözlərinə görə, Avropa strukturları Gürcüstanda baş verən proseslərə obyektiv yanaşmağa o qədər də maraqlı deyillər.

M.Boçorişvili əlavə edib ki, Gürcüstan beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirir və Avropa İttifaqından (Aİ) bu istiqamətdə görülən işlərə görə təşəkkür məktubu alıb:

"Bu yaxınlarda biz Avropa İttifaqından Gürcüstanın əməkdaşlıq çərçivəsində götürdüyü öhdəlikləri nə qədər yaxşı yerinə yetirdiyini və Gürcüstanın sanksiyalardan yan keçməməsi üçün bütün tədbirləri vicdanla həyata keçirdiyini ifadə edən təşəkkür məktubu aldıq".

Boçorişvili vurğulayıb ki, Gürcüstana qarşı sanksiyalardan yayınmaqla bağlı səslənən ittihamların bir çoxu əsassızdır və bu iddialar, adətən, özlərində bu halların daha çox müşahidə olunduğu ölkələrdən gəlir.