30 oktyabr 2025 23:02
111

BMT Trampın nüvə sınaqları barədə göstərişini şərh edib

Dünya miqyasında nüvə riskləri həyəcanverici dərəcədə yüksəkdir və fəlakətli nəticələrlə eskalasiyaya səbəb ola biləcək hərəkətlərdən qaçınmaq lazımdır.

“İki sahil” xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq ABŞ Prezidenti Donald Trampın nüvə sınaqları keçirmək barədə göstərişini şərh edərkən deyib.

BMT nümayəndəsi bildirib ki, dünya 80 il ərzində aparılan 2 000-dən çox nüvə sınağının nəticələrini unutmamalıdır. Onun sözlərinə görə, BMT Baş katibi Antoniu Quterreş nüvə sınaqlarının bərpasını qəti şəkildə rədd edir.

F.Haqın mövqeyini Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatının icraçı katibi Robert Floyd da dəstəkləyib. O hər hansı bir nüvə silahı sınağının beynəlxalq sabitliyə və təhlükəsizliyə xələl gətirəcəyini bildirib. Floyd qeyd edib ki, Beynəlxalq Monitorinq Sistemi dünyanın istənilən yerində nüvə sınaqlarını aşkar etməyə qadirdir.