01 noyabr 2025 13:50
115

Moldovanın yeni hökumətinin andiçmə mərasimi olub

Moldovanın Baş naziri Aleksandru Muntyanunun rəhbərlik etdiyi Moldovanın yeni kabinetinin Prezident Maya Sandu və parlamentin sədri İqor Qrosunun iştirakı ilə Prezident Sarayında andiçmə mərasimi olub.

“İki sahil” xəbər verir ki, Muntyanunun hökumətinə 14 nazirlik və Baş nazirin beş müavini daxildir. Hökumətin tərkibinə həm yeni üzvlər, həm də əvvəlki kabinetdəki vəzifələrini qoruyanlar daxil edilib. Aleksandru Muntyanu bəyan edib ki, bu, Moldova Respublikasını yaxın illərdə Avropa İttifaqına üzv olmağa hazırlamağa qadir peşəkar komandadır.

Moldova hökumətinin yeni üzvləri and içdikdən sonra Prezident Maya Sandu çıxış edərək ölkənin iqtisadi inkişafına və Avropaya inteqrasiyasına dair mesajlar verib.

Yeni hökumətin “Aİ, Sülh, İnkişaf” proqramında 2028-ci ilə qədər Aİ-yə daxil olmaq üzrə danışıqların başa çatdırılması, iqtisadiyyatın modernləşdirilməsi, qanunun aliliyinin gücləndirilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması prioritet təşkil edir.