01 noyabr 2025 17:50
165

Azərbaycan banklarında əhalinin əmanətləri 9 %-ə yaxın artıb

Bu ilin oktyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 41 milyard 700,9 milyon manat təşkil edib.

“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,6 %, ilin əvvəlinə nisbətən 3,6 %, ötən ilin oktyabrın 1-i ilə müqayisədə isə 8,8 % çoxdur.

Bunun 53,3 %-i, yaxud 22 milyard 213,5 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 3,4 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 11,5 % artaraq 15 milyard 794,8 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 37 % artaraq 3 milyard 692,6 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 22 milyard 402,5 milyon manatı (il ərzində 2,4 % az) qısamüddətli, 19 milyard 298,4 milyon manatı (25,5 % çox) isə uzunmüddətli olub.