02 noyabr 2025 08:49
131

Yaponiya Tayvan ilə əməkdaşlığın dərinləşməsinə ümid edir

Yaponiyanın yeni Baş naziri Sanae Takaiti Tayvanın keçmiş İcraçı Yuan (ölkənin ən yüksək icra orqanı) sədrinin müavini Lin Sinyiyə bu ölkə ilə əməkdaşlığı dərinləşdirməyə ümid etdiyini söyləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Takaiti "X" sosial şəbəkə hesabında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində Lin Siniyi ilə görüşünün fotosunu yayımlayıb və belə şərh yazıb:

"Ümid edirəm ki, Yaponiya ilə Tayvan arasında praktiki əməkdaşlıq dərinləşəcək".

Bir gün əvvəl Yaponiyanın Baş naziri APEC sammitində Çin lideri Si Cinpinlə görüşüb. Daha sonra Çin Xarici İşlər Nazirliyi Yaponiya tərəfinə etirazını bildirən bəyanat yayıb. Pekin Takaitinin bu addımının "Vahid Çin" prinsipini ciddi şəkildə pozduğunu qeyd edib və onun daxili işlərinə qarışmamağa çağırıb.