“İki sahil” qəzeti “rt.com” saytına istinadən xəbər verir ki, Kanadanın “Genoil” texnologiya şirkəti Rusiyanın “Grozneft” şirkəti ilə 50 milyard dollar dəyərində niyyət məktubu imzalayıb.
“Genoil” neft yataqlarının istismarında, Rusiyada neft emalı zavodları və kəmərlərin yenilənməsində iştirak edəcək.
İlkin mərhələdə “Genoil” Rusiyanın cənubunda, layihələrə 15 milyard dollar sərmayə yatırmağı nəzərdə tutub. Şirkət orada yeni layihələrin mövcud kəmərlərə qoşulması yollarını tədqiq edəcək.
“Bizim Çinli investorlarla möhkəm əlaqələrimiz var, biz infrastrukturun inkişafı üçün sərmayə ayırmağa hazırıq və inanırıq ki, bu yolla Rusiyada neft hasilatını yüksəltməyə nail olacağıq”,-deyə “Genoil” şirkətinin təmsilçisi Rusiyanın “Vedomosti” qəzetinə bildirib.
Qeyd edək ki, Rusiyalı ekspertlərin məsələyə münasibəti birmənalı deyil. Onlardan bəzisi hesab edir ki, sərmayənin məbləği kifayət qədər böyük olsa da, “Genoil” bir qədər naməlum və məşhur olmayan bir şirkətdir. Bəzi ekspertlər isə düşünürlər ki, şirkət iqtisadi mahiyyəti olmayan bir layihəyə sərmayə yatırmaq istəyir.