Müstəqilliyimizin ilk illərinə nəzər salsaq xalqımız taleyin ağır sınaqları ilə üz-üzə qalmışdı. 1990-cı illərin əvvəllərində Azərbaycanın yenicə bərpa etdiyi müstəqilliyini itirmək təhlükəsi yaranmışdı, lakin bu ağır günlərdə xalq qətiyyətli iradə nümayiş etdirərək öz taleyinə sahib çıxmağı bacardı. 1992-ci il noyabrın 21-də təsis edilməsindən qısa müddət sonra Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrildi. Partiyaya Heydər Əliyev kimi müdrik şəxsiyyətin rəhbərlik etməsi və öz ətrafında əhalinin bütün təbəqələrindən olan insanları birləşdirməsi, həmin dövrdə Azərbaycanı üzləşdiyi ağır böhrandan xilas etmək missiyasını öz üzərinə götürməsi tarixi hadisə idi. Partiyanın proqramında əksini tapmış vəzifələrin yerinə yetirilməsi və ideoloji prinsiplərə riayət edilməsi vasitəsilə Azərbaycanın üzləşdiyi acınacaqlı vəziyyətdən çıxış yolları göstərilirdi.
1993-cü ildə Azərbaycanda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dövlətin müstəqilliyini əbədi və dönməz etdi. Ulu Öndər Heydər Əliyev ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası qəbul edildi. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsini milli ideologiya səviyyəsinə qaldırması ictimai münasibətlərin inkişafına keyfiyyətcə yeni xüsusiyyətlər gətirdi.
Ulu Öndər Heydər Əliyevin uğurlu siyasi varisi ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin qüdrəti, beynəlxalq nüfuzu daha da artmışdır. Ali Baş Komandanımız cənab İlham Əliyev bizə Böyük Zəfəri, Qələbəni, müasir tələblərə cavab verən Müzəffər Ordunu, müstəqil xarici siyasəti olan güclü Azərbaycanı və ən nəhayət Dövlət-Xalq və Hakimiyyətin siyasi münasibət fonunda həmrəyliyinə nail olunmasını qazandırdı. Qəhrəman Azərbaycan əsgəri döyüş meydanında misilsiz igidlik və vətənpərvərlik nümunəsi göstərdi. Müharibə dövründə xalq öz birliyini və gücünü nümayiş etdirdi. On minlərlə insanın orduya könüllü kimi yazılması, eləcə də ermənilərin hərbi təxribatları zamanı öz evlərinin tərk etməməsi faktı Azərbaycanda xalq-ordu birliyi və orduya olan inamından xəbər verirdi. “Dəmir yumruq” əməliyyatının ilk saatlarında cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər çaldı. Bu tarixi qələbəni isə xalqımız başqalarının yardımı, güclü dövlətlərin siyasəti ilə deyil, öz müdrik rəhbərinin başçılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı, şəhidinin qanı, qazilərinin fədakarlığı sayəsində qazandı. Bu Qələbə müzəffər Azərbaycan Ordusunun bütün güc-qüdrətinin, dünyanın ən müasir orduları sırasında yer aldığının, əsgər və zabitlərimizin igid, cəsur və qorxmazlığının, peşə bacarığı və ruh yüksəkliyinin təsdiqi idi.
8 Noyabr tarixi, eyni zamanda, Şuşa şəhərinin azad olunduğu gün kimi yaddaşlara həkk olunub.Şuşanın azad edilməsiVətən müharibəsinin gedişatında dönüş nöqtəsi oldu.Bu qələbə təkcə hərbi yox, həm də mənəvi zəfər idi – çünki Şuşa Azərbaycanın mədəniyyət beşiyidir. Şuşa Qələbəsi, Şuşa Uğuru Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətinin bir daha bütün dünyaya nümayişi idi.
Tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə səfərləri də dövlət başçısının sevinc hisslərini ilk növbədə, xalqla bölüşmək arzusundan irəli gəlir. Onun həmin bölgələrdə yaşayan əhali tərəfindən böyük coşqu və izdihamla qarşılanması isə xalqın öz liderinə, müzəffər sərkərdəsinə bəslədiyi ehtiramın təzahürüdür. Beləliklə sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Müzəffər Ali Baş Komandanımızın 15 oktyabr 2023-cü ildə Xankəndində Azərbaycan bayrağını ucaltması ilə “Nəyi, necə, nə vaxt etmək lazımdır onu mən bilirəm” ifadəsi sözün əsil mənasında qızıl sözlər kimi tarixə yazıldı. Tarixi Zəfərimizdən ötən beş ilin uğurlarının miqyası ölçüyəgəlməzdir. Əsas hədəflərdən biri azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsi, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışıdır. Son beş il bu istiqamətdə qürurverici addımlarla tariximizə yazıldı. Azad edilmiş ərazilərimiz müasir tələblər səviyyəsində yenidən qurulur, mərhələ-mərhələ sakinlərinə qovuşurlar. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumilikdə regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir. Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Zəfər Günü həm də gələcək nəsillar üçün vətənpərvərlik, birlik va mübarizlik nümunəsidir. Möhtəşəm Zəfər günümüz tariximizdə əbədi yaşayacaq və milli birlik və həmrəyliyimizin təntənəsi kimi gələcək nəsillərə ötürüləcəkdir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Zəfər formulu: Lider-xalq birliyi və milli maraqlara əsaslanan qətiyyətli siyasət
İkinci Qarabağ müharibəsinin hər günü şanlı bir tarix, misli görünməmiş qəhrəmanlıq salnaməsidir