06 noyabr 2025 17:37
109

Şanlı Zəfər: müasir dövlətçilik tariximizin ən parlaq səhifəsi

XXI əsrin əlamətdar hadisələri fonunda 8 noyabr – Zəfər Günü xüsusi əhəmiyyətə malikdir. Ölkə rəhbərliyinin uzaqgörən siyasəti, xalqımızın milli iradəsi və ordumuzun qəhrəmanlığı nəticəsində 44 günlük Vətən müharibəsində əldə edilən Böyük Qələbə ilə tariximizin ən şanlı səhifələrindən biri yazılıb. Bu Zəfər həm torpaqların azad olunması, həm də dövlət müstəqilliyinin dönməzliyini təsdiqləyib. Zəfər Günü müasir dövlətçiliyimizin təcəssümü, xalqın illərlə davam edən ədalət mübarizəsinin təntənəsidir.

Uzun illər boyunca Ermənistanın məqsədyönlü işğalçılıq siyasəti regionda davamlı sülhün və sabitliyin qarşısını alan əsas amil idi. 1990-cı illərin əvvəllərində işğal edilmiş torpaqlarımızda yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, tarixi abidələrimiz məhv edilmiş, bir milyondan çox soydaşımız doğma yurdlarından didərgin salınmışdı. Beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, Ermənistan bu işğal siyasətini davam etdirirdi. Dövlətimizin mütləq prioriteti olan ərazi bütövlüyünün bərpası isə yalnız güclü siyasi iradə, hərbi qüdrət və xalq–ordu birliyi sayəsində mümkün oldu. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin strateji hədəf illər boyu ardıcıl şəkildə reallaşdırıldı.

Müasir dövrün hərbi qarşıdurmaları göstərir ki, ordunun gücü yalnız əsgər və zabitlərin döyüş ruhu ilə deyil, həm də texnoloji və elmi potensialla ölçülür. Bu baxımdan, ölkəmizdə hərbi sənaye kompleksinin inkişafı milli təhlükəsizlik siyasətinin əsas sütunlarından biri kimi müəyyənləşdirilmişdi. Müdafiə sənayesinin formalaşması, müasir silah və sursatların yerli istehsalı, beynəlxalq hərbi-texniki əməkdaşlığın genişlənməsi ordumuzun döyüş qabiliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəltdi.

2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun cəbhə xəttində törətdiyi növbəti təxribat, mülki əhaliyə qarşı hücumlar və artilleriya atəşlərinə cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı. “Dəmir yumruq” əməliyyatı adı ilə tarixə düşən Vətən müharibəsi müasir döyüş strategiyasının, yüksək intizamın və milli birliyin təcəssümü oldu. Ordumuz həm cəbhədə, həm də informasiya müstəvisində tam üstünlük qazandı, döyüşlər planlı və dəqiq şəkildə həyata keçirildi.

Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu və 8 noyabr tarixi Zəfər Günü kimi əbədiləşdi. Qısa müddət ərzində 30 ilə yaxın davam edən işğala son qoyuldu. Rəsmi İrəvan kapitulyasiya sənədinə imza ataraq, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatla məğlubiyyətini qəbul etdi. Azərbaycan dövləti, xalqı və ordusu 44 gün ərzində öz qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə təkcə hərbi zəfər deyil, həm də milli iradənin, strateji düşüncənin və vahid dövlət siyasətinin uğur modelinə çevrildi. İkinci Qarabağ müharibəsində tətbiq edilən pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli zərbə sistemləri və müasir rabitə vasitələri inkişaf strategiyasının real nəticəsi idi. Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə Zəfər Günü təsis edilmişdir. Hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.

8 noyabr tarixi xalqımızın yaddaşına əbədi yazılan şanlı günlərdən biridir. Həmin gün həm də azadlıq, milli birlik və müstəqil dövlətimizin qüdrətini təcəssüm etdirir. Şuşa şəhərinin işğaldan azad edilməsi uzun illər davam edən həsrətin sona çatması, ədalətin və tarixi haqqın bərpası idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində böyük rəşadət göstərərək, xəyal kimi görünən arzunu reallığa çevirdi. Noyabrın 8-də işğaldan azad edilən Şuşa xalqımızın milli iradəsinin, qəhrəman əsgər və zabitlərimizin şücaətinin təntənəsinə çevrildi.

Şuşa əməliyyatı Vətən müharibəsinin ən çətin, eyni zamanda ən qürurlu mərhələsi idi. Ordumuz dağlıq və sıldırım relyefdən keçərək düşməni strateji əhəmiyyət daşıyan şəhərdən çıxardı və bununla da Qarabağ Zəfərinin ən ali məqamını yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu Qələbə danışıqlar masasında deyil, məhz döyüş meydanında qazanıldı. Şuşanın azadlığı ilə xalqın milli qüruru öz layiqli yerinə qayıtdı.

Şuşa Zəfəri ilə xalqımızın birliyi, ordumuzun gücü, dövlətimizin siyasi iradəsi bütün dünyaya nümayiş etdirildi. Məhz bu səbəbdən dövlət başçısının müvafiq Sərəncamı ilə 8 noyabr tarixi Zəfər Günü elan edildi. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə həmin gün ölkəmizdə Şuşa şəhəri günü kimi qeyd olunur. Bu qərar Şuşanın azadlığının və müstəqilliyimizin təntənəsinə çevrilməsinin, həmçinin Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiləşdirilməsinin təzahürüdür.

İşğaldan azad edildikdən sonra Şuşa şəhəri bərpa və yenidənqurma mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən həyata keçirilən layihələr nəticəsində şəhərin qədim siması bərpa olunur, müasir infrastruktur yaradılır. Qısa müddətdə “Zəfər Yolu” inşa edildi, tarixi abidələr, məscidlər, mədəniyyət ocaqları, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstləri bərpa olundu. Yeni hotellər, konqres mərkəzi, yaşayış kompleksləri və turizm obyektləri istifadəyə verildi.

Şuşa həm mədəni, həm də mənəvi baxımdan yenilənir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu şəhərin “Azərbaycanın mədəniyyət paytaxtı” elan olunması, ardınca “Şuşa İli”nin və “Türk dünyasının mədəniyyət paytaxtı” statuslarının verilməsi onun beynəlxalq miqyasda nüfuzunun artdığını göstərir. “İslam dünyasının mədəniyyət paytaxtı” və “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” seçilməsi Şuşanın mədəniyyətlərarası dialoq mərkəzinə çevrildiyini təsdiqləyir.

Şuşa müstəqil dövlətimizin qürur rəmzi, xalqımızın sarsılmaz iradəsinin və milli birliyinin təcəssümüdür. 8 Noyabr – Şuşa şəhəri günü xalqımızın yaddaşında həm qələbənin, həm də yenidən dirçəlişin günü kimi yaşayır və gələcək nəsillərə qalib xalqın şərəf salnaməsini xatırladır.

Hərbi qələbənin arxasında dayanan ən mühüm amillərdən biri güclü və sabit iqtisadiyyat modelidir. Azərbaycanın həyata keçirdiyi islahatlar, enerji və nəqliyyat sahəsində reallaşdırdığı beynəlxalq layihələr dövlətin iqtisadi dayaqlarını xeyli möhkəmləndirmişdir. Regional və qlobal bazarlarda etibarlı tərəfdaş imicinin formalaşması sayəsində ölkəmiz maliyyə sabitliyini qoruyaraq həm sosial rifahı təmin etmiş, həm də müdafiə xərclərini dayanıqlı şəkildə maliyyələşdirmişdir. Bu amillər müharibə şəraitində iqtisadi və siyasi müstəqilliyin qorunmasına şərait yaratmışdır. Dövlətimizin başçısı qeyd etmişdir: “Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq”.

Azərbaycanın çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu beynəlxalq münasibətlər sistemində nüfuzlu mövqe qazandırdı. Prezident İlham Əliyev uzun illər ərzində beynəlxalq təşkilatlarda ölkəmizin ədalətli mövqeyini əsaslandırmaqla, haqq səsimizi dünya ictimaiyyətinə çatdırdı. Bu diplomatik fəaliyyət nəticəsində 44 günlük Vətən müharibəsi dövründə dövlətimiz beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq əməliyyatlarını legitim müstəvidə apardı. Qoşulmama Hərəkatındakı sədrliyi, Türk Dövlətləri Təşkilatındakı aktiv rolu və ikitərəfli tərəfdaşlıq əlaqələri ölkəmizin xarici siyasətinin effektivliyini bir daha sübut etdi.

Postmüharibə dövründə Azərbaycan diplomatiyası Qələbənin siyasi və hüquqi nəticələrini möhkəmləndirmək istiqamətində ardıcıl addımlar atdı. Bakıda keçirilən Zəfər paradı, Hərbi Qənimətlər Parkının yaradılması xalqın qəhrəmanlıq tarixini gələcək nəsillərə ötürmək baxımından mühüm ideoloji əhəmiyyət daşıyır. Bu təşəbbüslər həm də milli qürurun, dövlətçilik ruhunun və vətənpərvərlik ideallarının gücləndirilməsi məqsədinə xidmət edir.

2023-cü il sentyabrın 19-20-də keçirilmiş lokal antiterror tədbirləri ilə ölkə ərazisində konstitusiya quruluşu tam bərpa olundu. Bu əməliyyat həm dövlətin suveren hüquqlarının təminatına, həm də regional sabitliyin bərqərar edilməsinə yönəlmişdi. Qısa müddət ərzində separatçı silahlı qruplar zərərsizləşdirildi, qanunsuz rejim tamamilə ləğv edildi. Həmin tarixi hadisənin əbədiləşdirilməsi məqsədilə 20 Sentyabr - Dövlət Suverenliyi Gününün təsis edilməsi isə Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcını simvolizə edir.

İşğaldan azad olunmuş torpaqlarda bərpa və yenidənqurma işləri geniş vüsət alıb. Böyük Qayıdış Proqramı çərçivəsində şəhər və kəndlərdə müasir infrastruktur, sosial obyektlər, sənaye zonaları və ağıllı kənd konsepsiyasına uyğun yaşayış məntəqələri salınır. Bu proseslər həm də sosial-iqtisadi dirçəlişin başlanğıcıdır, qayıdış həm tarixi ədalətin bərpası, həm də regionun dayanıqlı inkişafının təmin edilməsini təcəssüm etdirir.

Azərbaycanın sosial siyasətində şəhid ailələri, qazilər və müharibə veteranlarına göstərilən diqqət xüsusi yer tutur. “YAŞAT” Fondu vasitəsilə on minlərlə ailəyə maddi, tibbi və mənəvi dəstək göstərilib. Qazilərin reabilitasiyası, təhsil imkanlarının artırılması və sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Bu addımlar tarixi Zəfərin mənəvi yükünü daha da dərinləşdirir, xalqla dövlət arasında inam və birliyi möhkəmləndirir.

8 Noyabr – Zəfər Günü həm şanlı Qələbənin, həm də qəhrəmanlıq ruhunun təntənəsi olaraq qeyd olunur. Həmin gün xalqımızın azadlıq iradəsini, dövlətçilik düşüncəsini və qlobal miqyasda nüfuzunu ifadə edir. Qazanılmış bu tarixi Zəfər regional sülh və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynamışdır. Beləliklə, ölkəmiz dünyanın mühüm siyasi-iqtisadi mərkəzlərindən birinə çevrilmişdir. Müzəffər ordumuzun parlaq Qələbəsi ilə başlanmış yeni dövr azad, güclü və suveren Azərbaycanın davamlı inkişaf və tərəqqi mərhələsinin təzahürüdür.

Heydər Əsədov,
​Milli Məclisin deputatı